Dünya iqtisadiyyatında yeni dalğa: böhran yaxınlaşır?
İqtisadiyyat
717
22:24, Bu gün

Dünya iqtisadiyyatında yeni dalğa: böhran yaxınlaşır?

Qlobal sistem hazırda enerji, iqtisadiyyat və təhlükəsizlik risklərinin eyni vaxtda toqquşduğu yüksək həssas bir mərhələdən keçir. Rusiya–Ukrayna müharibəsi və ABŞ–İran xəttində davam edən gərginlik bu təzyiqi daha da artıraraq beynəlxalq münasibətlərdə qeyri-sabitlik zolağını genişləndirir.

Bəs, bu gərginlik əsasında enerji, iqtisadiyyat və təhlükəsizlik risklərinin üst-üstə düşməsi yeni qlobal böhran dalğasını nə dərəcədə qaçılmaz edir və bu prosesin qarşısını almaq üçün hansı real mexanizmlər mövcuddur?

Mövzu ilə bağlı Moderator.az-a  Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli münasibət bildirdi.

İqtisadçı qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran gərginliyi fonunda enerji, iqtisadiyyat və təhlükəsizlik risklərinin eyni vaxtda üst-üstə düşməsi qlobal sistem üçün ciddi təzyiq yaradır, amma bu, avtomatik olaraq qaçılmaz böhran demək deyil:

"Daha çox “yüksək riskli qeyri-sabitlik mərhələsi” kimi xarakterizə olunur. Enerji baxımından əsas risk təklifin şokvari azalmasıdır. Xüsusilə neft və qaz bazarlarında hərbi eskalasiya və ya sanksiyaların sərtləşməsi qiymətləri sürətlə artıra bilər. 

Bu isə inflyasiyanı yenidən qızışdırır və artıq həssas vəziyyətdə olan ölkələrin iqtisadi dayanıqlığını zəiflədir. Avropanın enerji şaxələndirməsi müəyyən tampon yaratsa da, qlobal bazar hələ də həssas qalır.

İqtisadi müstəvidə risklər daha çox zəncirvari təsirlərlə bağlıdır. Ticarət marşrutlarının pozulması, maliyyə bazarlarında qeyri-müəyyənlik və kapital axınlarının istiqamət dəyişməsi inkişaf etməkdə olan ölkələrə daha ağır təsir edir. Xüsusilə yüksək borclu iqtisadiyyatlar üçün faiz dərəcələrinin artımı və enerji xərclərinin yüksəlməsi eyni vaxtda təzyiq yaradır".

Akif Nəsirli bildirdi ki, bu, regional böhranların qlobal maliyyə sisteminə yayılma ehtimalını artırır:

"Təhlükəsizlik sahəsində isə risklərin kəsişməsi daha mürəkkəbdir. Regional münaqişələrin genişlənməsi ehtimalı, böyük güclər arasında birbaşa toqquşma riskinin aşağı olsa da mövcud qalması və hibrid təhdidlərin (kiberhücumlar, enerji infrastrukturu sabotajı və s.) artması ümumi qeyri-müəyyənliyi yüksəldir. 

Bu vəziyyət investisiya qərarlarını ləngidir və iqtisadi aktivliyi zəiflədir.
Bununla belə, qlobal böhranın qarşısını almaq üçün real mexanizmlər mövcuddur və tarixən dəfələrlə istifadə olunub. Diplomatik kanalların açıq saxlanması əsas rol oynayır; vasitəçilik və dolayı danışıqlar eskalasiyanın qarşısını ala bilir. 

Enerji bazarında isə ehtiyatların koordinasiyalı istifadəsi və alternativ marşrutların genişləndirilməsi şokları yumşalda bilər. Maliyyə sistemində mərkəzi bankların koordinasiyası və beynəlxalq qurumların likvidlik dəstəyi böhranların dərinləşməsinin qarşısını almaqda effektiv olub".

Nəsirli onu da qeyd etdi ki, eyni zamanda çoxtərəfli institutlar və qayda əsaslı sistem hələ də tam çökməyib:

"Sanksiyalar və təzyiqlər olsa belə, böyük iqtisadiyyatlar arasında qarşılıqlı asılılıq qalır və bu, tam miqyaslı böhranı müəyyən qədər cilovlayan faktordur. Texnoloji və logistika adaptasiyası da sistemin elastikliyini artırır.

Nəticə olaraq, risklərin üst-üstə düşməsi qlobal böhran ehtimalını artırır, amma onu qaçılmaz etmir. Prosesin hansı istiqamətdə inkişaf edəcəyi əsasən siyasi qərarlardan, eskalasiya səviyyəsindən və beynəlxalq koordinasiyanın nə dərəcədə effektiv olacağından asılıdır.

Yəni iqtisadi böhranı önləmək mümkündür, amma bu, avtomatik baş verən bir proses deyil və ciddi koordinasiya tələb edir.
Hazırkı şəraitdə Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran gərginliyi kimi faktorlar riski artırır, lakin tarix göstərir ki, düzgün siyasətlə böhranların ya tam qarşısı alına, ya da təsiri xeyli zəiflədilə bilər".

Sonda iqtisadçı onu da vurğuladı ki, əsas məsələ eskalasiyanın qarşısını almaqdır:

"Əgər böyük güclər birbaşa toqquşmadan qaçırsa və enerji bazarlarında kəskin şoklar baş vermirsə, qlobal sistem bunu “udmaq” qabiliyyətinə malikdir. Dünya iqtisadiyyatı əvvəlki böhranlardan sonra daha elastik hala gəlib.

Digər tərəfdən, mərkəzi bankların düzgün faiz siyasəti, dövlətlərin enerji və ticarət baxımından alternativlər qurması və beynəlxalq maliyyə institutlarının dəstəyi böhranın dərinləşməsinin qarşısını ala bilir. Yəni mexanizmlər mövcuddur və işləkdir.

Amma vacib bir reallıq var: böhranın qarşısını almaq mümkündür, lakin riskləri sıfırlamaq mümkün deyil. Əgər siyasi qərarlar yanlış istiqamətdə gedərsə və eyni anda bir neçə ciddi şok baş verərsə, onda böhran ehtimalı kəskin artır.

Qısaca desək, bu, “qaçılmaz son” deyil, daha çox idarə oluna bilən riskdir. Nəticə isə əsasən dövlətlərin nə qədər rasional və koordinasiyalı hərəkət etməsindən asılıdır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər