“Dövlət subasmalardan zərər çəkmiş vətəndaşlara müvafiq fondlardan xüsusi qaydada  vəsait ayıra bilər...”
İqtisadiyyat
1412
18:08, Bu gün

“Dövlət subasmalardan zərər çəkmiş vətəndaşlara müvafiq fondlardan xüsusi qaydada  vəsait ayıra bilər...”

“Dövlətin müvafiq strukturları üzərinə düşən digər əsas vəzifə öncə dediyimiz kimi təbii fəlakətin vətəndaşlara, onların mülk və ya avtomobillərinə bu dərəcədə zərər vurmasına görə məsuliyyət daşıyan məmurları aşkarlayıb cəzalandırmaq və zərərin bir hissəsini onların üzərinə yükləməkdən ibarətdir...”
 
“Hakim partiya, digər siyasi partiyalar, Milli Məclis üzvləri və s.  tərəfindən yardım kampaniyası təşkil edilməsinə gəldikdə, təbii ki, əgər bu onların ürəyindən keçirsə, öz təşəbbüsləri ilə belə bir kampaniya həyata keçirə bilərlər..."
 
Maraqlıdır, mart ayının son günləri və 5-6 aprel tarixlərində Azərbaycanın bir sıra rayonlarında, xüsusən də Bakı şəhəri və Abşeron yarımadasında davamlı leysan yağışları zamanı əsasən müvafiq qurumların on illər ərzində görmədikləri gərəkli işlərin, məsulliyyətsizlik, qanunsuzluq və korrupsiyanın nəticəsində baş vermiş subasma və daşqınlardan əziyyət çəkən, bir çoxlarının evlərindən, həyətlərindən hələ də yağış və kanalizasiya suları çəkilməmiş, həmçinin avtomobilləri ciddi zərər görmüş bəlkə də on minlərlə ailəyə hansısa  yardım-filan göstərilirmi, sənədi, sığortası olanlara kompensasiya verilirmi?.. Mövcud durumda bütün bunlar haqda dürüst məlumat əldə etmək çox çətindir. Bəs görəsən, qanunla kompensasiya verilməsinə imkan olmayan, yəni mülkləri sığorta olunmamış bu cür vətəndaşlara, ailələrə müxtəlif dövlət qurumları, müvafiq fondlar, Milli Məclisin deputatları səviyyəsində, siyasi partiyalar, həmçinin hakim Yeni Azərbaycan Partiyası tərəfindən yardım kampaniyaları təşkil edilə bilməzmi?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri dilə gətirib:
 
"Təbii fəlakətlər bütün ölkələrdə baş verir və bundan da heç kəs sığortalanmayıb. Ancaq məsələ ondadır ki,  məmurlarımızın dırnaqarası “fəaliyyəti” nəticəsində təbii fəlakətlər zamanı vətəndaşların həyatının, mülkünün, həmçinin infrstrukturun və s. mühafizə olunması sahəsində Azərbaycan hökumətinin səviyyəsi çox aşağıdır və sıfıra yaxınlaşır. Son günlər ölkəmizdə, xüsusən də Bakıda və Abşeron yarımadasında vətəndaşlara, onların mülk və avtomobillərinə əsasən məmur, məsuliyyətsizliyi, özbaşınalığı və rüşvətxorluğu nəticəsində  qanunla qadağan olunmuş və infrastruktur, yəni məsələn, su və kanalizasiya xətlərinin, kollektorların üzərində tikililərə icazə verilən, həmçinin tikintinin, şəhərsalmanın müvafiq qayda və standartlarına riayət olunmayan məkanlarda zərər dəyib. Təbii ki, bütün bunlar həmin məmurların günahı ucbatından baş verib...
 
Sözsüz ki, qanunvericiliyə əsasən belə hallarda vətəndaşlara dəyən ziyan sığorta təşkilatları vasitəsilə ödənilməlidir. Ancaq Azərbaycanda sığorta mədəniyyəti hələ də yüksək səviyyədə deyil. Həmçinin əksər insanlarımızın  gəlirləri az olduğundan sığorta olunmaq üçün vəsaiti ödəməkdən ötrü kifayət qədər maliyyə imkanına da malik deyillər. Nəticədə də zərər çəkənlərin böyük əksəriyyəti qanuni şəkildə kompensasiya ala bilmirlər. Lakin bu halda da dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yəni son daşqın və subasmalardan zərər çəkmiş vətəndaşlara müvafiq fondlardan xüsusi qaydada  vəsait ayrılmalı, onların minimum yaşayış səviyyəsi təmin edilməli, eyni zamanda dağılmış infrastrukturun bərpasını təmin edilməlidir... 
 
Dövlətin müvafiq strukturlarının üzərinə düşən digər əsas vəzifə öncə dediyimiz kimi təbii fəlakətin vətəndaşlara, onların mülk və ya avtomobillərinə bu dərəcədə zərər vurmasına görə məsuliyyət daşıyan məmurları aşkarlayıb cəzalandırmaq və zərərin bir hissəsini onların üzərinə yükləməkdən ibarətdir. Belə ki, onlar vaxtında tədbirlər görməyiblər, yaxud rüşvət və s. müqabilində qanunsuz tikililərə icazə veriblər və ya bunlara göz yumublar ki, nəticədə vətəndaşlara  külli miqqdarda zərər dəyib...
 
Hakim partiya, digər siyasi partiyalar, Milli Məclis üzvləri və s.  tərəfindən son daşqın və subasmalardan əziyyət çəkmiş vətəndaşlara yardım kampaniyası təşkil edilməsinə gəldikdə, təbii ki, əgər bu onların ürəyindən keçirsə, öz təşəbbüsləri ilə belə bir kampaniya həyata keçirə bilərlər..."
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər