Manatın ritmi pozulur: Onun dövriyyəsi niyə yavaşlayır?
İqtisadiyyat
1502
16:00, Bu gün

Manatın ritmi pozulur: Onun dövriyyəsi niyə yavaşlayır?

Pulun dövretmə sürəti iqtisadiyyatın ümumi dinamizmini və bazardakı aktivliyi əks etdirən əsas göstəricilərdən biri hesab olunur. Bu göstərici yalnız statistik rəqəm deyil, həm də iqtisadi proseslərin intensivliyini göstərən mühüm indikator kimi çıxış edir. Pul bazarda nə qədər sürətlə hərəkət edirsə, iqtisadi aktivlik də bir o qədər yüksək olur. İnsanlar və biznes subyektləri xərclərini təxirə salmadıqda ticarət və istehsal genişlənir.

Əksinə, pulun dövriyyəsinin yavaşlaması iqtisadi aktivliyin zəifləməsi ilə müşayiət olunur. Bu halda həm əhali, həm də şirkətlər gözləmə mövqeyinə üstünlük verir, investisiya və xərclər təxirə salınır. Hazırda manatın dövretmə sürətində müşahidə olunan azalma da iqtisadiyyatın ümumi canlılığında tədrici zəifləmə ilə üst-üstə düşür.

Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov münasibət bildirdi.

Ekspert qeyd etdi ki, manat dövriyyədə qalmaqda davam etsə də, əvvəlki dövrlərlə müqayisədə daha ləng hərəkət edir:

“Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 təşkil edib. Bu o deməkdir ki, eyni 1 manat il ərzində orta hesabla cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün qeyd edim ki, 2005-ci ildə bu göstərici 15,7 olub. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68 səviyyəsinə qədər geriləmişdi. Bu dinamika göstərir ki, hazırda pul daha yavaş dövr edir.

Bu nə deməkdir?

Bu tendensiya iqtisadi davranışlarda ehtiyatlılığın artması ilə bağlıdır. İnsanlar və bizneslər daha çox gözləmə mövqeyinə keçir, xərclərini təxirə salır. Nəticədə pul iqtisadiyyatda aktiv dövr etmək əvəzinə müəyyən mənada dayanır. Bu isə ümumi iqtisadi aktivliyə birbaşa təsir göstərir. Pulun dövretmə sürətinin azalması iqtisadiyyatın ritmini əks etdirən əsas göstəricilərdən biridir – pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat da bir o qədər canlanır, yavaşladıqda isə iqtisadi aktivlik zəifləyir”.

İqtisadçı əlavə etdi ki, bu prosesə təsir edən amillərdən biri də büdcə xərcləridir. Büdcə xərclərinin kəskin artmaması iqtisadi aktivliyin genişlənməsinə təsir göstərir:

"Çünki dövlət xərcləri ölkədə iqtisadi hərəkətliliyi formalaşdıran əsas mexanizmlərdən biridir və manatın dövriyyəsinə birbaşa təsir edir.
Bununla yanaşı, kredit aktivliyi və kredit portfelinin strukturu da mühüm rol oynayır. Xüsusilə biznes kreditlərinin payının istehlak kreditlərindən yüksək olması iqtisadi dövriyyəni stimullaşdıran amil kimi çıxış edir. Manatın dövriyyə sürəti həm də vətəndaşların və biznes subyektlərinin iqtisadi fəallığının göstəricisidir və bu sahədəki dəyişikliklər ümumi iqtisadi dinamikanın qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər