"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin malik olduğu geniş coğrafiya – Anadoludan Mərkəzi Asiyaya, Xəzər hövzəsindən Avropaya qədər uzanan iqtisadi məkan – böyük bazar potensialı ilə yanaşı, tranzit və logistika baxımından da ciddi üstünlüklər yaradır. Bu üstünlüklərin səmərəli istifadəsi isə iqtisadi inteqrasiyanın dərinləşdirilməsindən birbaşa asılıdır".
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert İlhan İşbaşı bildirib.
Onun sözlərinə görə, son dövrdə üzv ölkələr arasında imzalanan sazişlər, ticarət prosedurlarının sadələşdirilməsi və elektron gömrük sistemlərinin tətbiqi nəticəsində ticarət əməliyyatlarının sürəti və şəffaflığı artırıb, bu isə öz növbəsində biznes subyektlərinin fəaliyyətini asanlaşdırır və yeni investisiya imkanları yaradır.
Ekspert qeyd edib ki, qlobal tədarük zəncirlərində baş verən dəyişikliklər fonunda Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Avropa ilə Asiyanı birləşdirən alternativ və təhlükəsiz ticarət yolu kimi getdikcə daha çox önəm qazanır.
“Gələcəkdə dəmir yolu infrastrukturunun modernləşdirilməsi, limanların genişləndirilməsi və logistika mərkəzlərinin yaradılması bu istiqamətdə əsas prioritetlər olaraq qalır. Enerji sahəsində əməkdaşlıq isə TDT-nin iqtisadi gücünün əsas sütunlarından biridir. Azərbaycan və Qazaxıstan kimi enerji resursları ilə zəngin ölkələr ilə Türkiyə kimi enerji tranzit mərkəzi rolunu oynayan dövlətlər arasında əməkdaşlıq həm regional, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Maliyyə və investisiya sahəsində də müsbət dinamika müşahidə olunur. Türk İnvestisiya Fondunun yaradılması region daxilində maliyyə resurslarının daha effektiv bölüşdürülməsinə şərait yaradır. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi məsələləri də əməkdaşlığın mühüm komponentlərindəndir. Müxtəlif iqlim zonalarına malik olan TDT ölkələri kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində bir-birini tamamlayır. Bu isə ortaq aqrar siyasətin formalaşdırılması və ərzaq təchizatının şaxələndirilməsi baxımından geniş imkanlar açır”, - deyə İlhan İşbaşı vurğulayıb.
Türkiyəli iqtisadçı ekspert əlavə edib ki, turizm sektoru da iqtisadi inteqrasiyanın mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Ortaq mədəni irs, tarixi abidələr və zəngin turizm potensialı vahid turizm marşrutlarının yaradılmasına imkan verir. “Türk dünyası turizm xəritəsi” kimi təşəbbüslər regionun beynəlxalq turizm bazarında daha rəqabətli mövqe qazanmasına şərait yarada bilər.
İ.İşbaşı bildirib ki, bütün bunlarla yanaşı, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi müəyyən çağırışları da ehtiva edir: “Üzv ölkələrin iqtisadi inkişaf səviyyələri arasında fərqlər, infrastruktur çatışmazlıqları və bəzi hallarda normativ-hüquqi bazanın uyğunsuzluğu bu prosesin sürətinə təsir göstərə bilər. Lakin koordinasiyalı siyasət, institusional islahatlar və qarşılıqlı siyasi iradə bu çətinliklərin aradan qaldırılmasını mümkün edir. Gələcək perspektivlər baxımından TDT çərçivəsində daha dərin iqtisadi inteqrasiya modelinin formalaşması real və zəruridir. Ortaq iqtisadi məkanın yaradılması, vahid texniki standartların tətbiqi, sərmayə axınının liberallaşdırılması və azad ticarət zonalarının genişləndirilməsi bu istiqamətdə əsas hədəflərdir. Eyni zamanda, insan kapitalının inkişafı, təhsil və elmi əməkdaşlıq da iqtisadi tərəqqinin mühüm amillərindən biri kimi çıxış edir”.