Hörmüz boğazından İMTİNA edilir? – Alternativ YOL gündəmdə
İqtisadiyyat
370
14:15, Bu gün

Hörmüz boğazından İMTİNA edilir? – Alternativ YOL gündəmdə

Suriya İqtisadiyyat və Sənaye Nazirliyinin məsləhətçisi Usamə əl-Qadi Hörmüz boğazından asılılığı azaldacaq enerji daşınması üçün alternativ quru yolları yaratmaq üçün strateji təşəbbüs irəli sürüb. Bu barədə Asharq News SYR məlumat verib.

Layihəyə müasir yüksək sürətli şəbəkənin bir hissəsi olaraq Hicaz Dəmir Yolunun dirçəldilməsi daxildir. Şimalda Türkiyəni cənubda Səudiyyə Ərəbistanının Mədinə şəhəri ilə birləşdirmək və Suriya ilə Səudiyyə Ərəbistanı arasında İordaniya vasitəsilə yüksək sürətli dəmir yolu əlaqəsi təmin etmək planlaşdırılır. Bu marşrut təhlükəsiz quru dəhlizləri vasitəsilə gündə təxminən 7 milyon barel neft nəql edə biləcək.

Hicaz Dəmir Yolu 20-ci əsrin əvvəllərində Osmanlı Sultanı II Əbdül Həmid tərəfindən Dəməşqdən Mədinəyə ziyarəti qısaltmaq üçün inşa edilib. Əsas xətt Ammandan keçsə də 1916-1918-ci illər ərəb üsyanı zamanı ciddi şəkildə zədələnib. Bu gün Suriya və İordaniyada yalnız bir neçə hissə fəaliyyət göstərir.

“Müharibədən sonra Hörmüz boğazından imtina edilə bilər”.

Bunu isə İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“ABŞ Hörmüz boğazını güc yolu ilə açmaqla hədələyir. Ümid edirəm ki, bu, uğurlu olacaq. Müharibədən sonra Səudiyyə Ərəbistanından Aralıq dənizinə gedən boru kəmərlərindən istifadə etməklə bu yoldan yayınmaq lazımdır”, - o bildirib.

Bəs Hörmüz boğazına alternativ yolun qurulması mümkünmü və nə qədər vaxt, xərc ala bilər?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında məsələyə belə münasibət bildirib:

“Bu günlər bir çox mütəxəssislər Hörmüz boğazına alternativ marşrutlar barədə müxtəlif təkliflər irəli sürürlər. Bəziləri hətta Səudiyyə Ərəbistanı üzərindən Fars körfəzi ilə Qırmızı dənizi birləşdirəcək - Panama, Süveyş kanallarına bənzər bir kanalın tikilməsini təklif edirlər. Lakin bütün bu təklifləri irəli sürənlər bir məsələni unudurlar ki, Hörmüz boğazının bağlanması səbəbindən artıq dünya iqtisadiyyatı dərin böhrana girmək təhlükəsi ilə üz-üzədir. O səbəbdən boğazın mümkün qədər tez açılması dünya gündəminin bir saylı məsələsidir.

Digər tərəfdən, alternativ marşrutların reallaşdırılması üçün illərlə vaxt tələb oluna bilər. Başqa bir məsələ həmin layihələrin reallaşdırılması üçün tələb olunan vəsaitlərin həcmi ilə bağlıdır. Məsələn, Səudiyyə Ərəbistanı üzərindən Fars körfəzi ilə Qırmızı dənizi birləşdirən, Süveyş və ya Panama kanalına bənzər, unluğu isə 1200 kilometr olan bir kanalın tikintisi hardasa bir trliyon dollara başa gələ bilər. Bir sözlə, belə layihələrin reallaşdırılması həm zaman baxımından, həm də iqtisadi baxımdan sərfəli ola bilməz. Belə baha layihələri reallaşdırmaq əvəzinə, həmin vəsaitin az bir qismi ilə (təqribən bir neçə yüz milyard dollar), hərbi yolla Hörmüz boğazının açılmasını təmin etmək daha sərfəli variantdır”.

Təhlilçi hesab edir ki, Hörmüz boğazı ətrafında yaranmış problem məhz bu yolla öz həllini tapacaq:

“Boğazın tezliklə açılacağına şübhə ilə yanaşanlar və ya boğazın İranın nəzarətində qalacağına inananlar unutmasınlar ki, söhbət bu boğaz vasitəsilə böyük güclərin qazandığı yüz milyardlarla dollar vəsaitlərdən gedirsə, o güclər hər şeyi ayaqlayıb keçər və bu zaman heç nə olmamış kimi beynəlxalq qayda-qanunları da məmnuniyyətlə ayaqlar altına sala bilirlər. Bu gün Hörmüz boğazı bağlıdır, lakin sabah o açılacaq. Mütləq açılacaq. ABŞ isə bu yolda çəkdiyi hərbi xərcləri artıqlaması ilə Körfəz ölkələrindən alacaq. Hörmüz boğazına da böyük bir şlaqbaum qoyub oradan daşınan bütün yüklərə görə rüsum toplayacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər