Neftin qiyməti üçün
İqtisadiyyat
513
15:35, Bu gün

Neftin qiyməti üçün "fəlakət ssenariləri" – Azərbaycanın qazancı bu olacaq

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Natiq bəy, İran ətrafında baş verənlər neftin kəskin bahalaşmasına səbəb olur. Bu hansı səviyyəyə qədər yüksələ bilər?

- İndiki halda neftin qiymətinin 200 dollar və daha yüksək həddə qalxacağı ilə bağlı “fəlakət ssenariləri” uydurulur. Bu çox da reallaşacaq bir məsələ deyil. Dünya iqtisadiyyatı neftin barrelinin 200 dolları səviyyəsini daşıya bilməz və bu mümkün deyil. Belə qiymət artımı ən uzağı bir-iki gün, hansısa gərginlik fonunda ola bilər. Sonradan neftin qiymətinin aşağı düşməsi qaçılmazdır.

- Yəni, neft qiymətlərinin uzun müddət eyni səviyyədə qalması mümkün deyil...

- Çünki dünya iqtisadiyyatında yanacağın dəyərinin 200 dollardan yuxarı olması infilyasiyanın iki rəqəmli olması, işsizlik, aviaşirkətlərin dayanması deməkdir. Bu eyni zamanda turizm sektorunun demək olar ki, tamamilə sıradan çıxması ilə nəticələnə bilər. Ona görə də bu, o qədər də ağılabatan ssenari deyil.

- Hörmuz boğazının bağlanması fonunda nələr yaşana bilər?

- Bu boğazla dünya neftinin 20 faizi daşınır. Onun da yarısını, yəni 7 milyon barrelini az qala artıq başqa marşrutlarla Qırmızı dəniz üzərindən daşımağa başlayıblar. Keçən həftədən artıq belə bir addımlar atılıb. Sözsüz ki, gərginlik neftin-qazın qiymətini artıran faktora çevrilib.

- Gərginliyin davam etməsi nə vəd edir?

- Prosesin məhz bu müstəvidə davam etməsi neftin-qazın qiymətinin bahalaşması, hətta bir barrel neftin 100-120 dollar səviyyəyə çatması gözlənilir.

- Azərbaycan üçün bu məsələdə əsas proqnozlar nədən ibarətdir?

- Təbii ki, neft qiymətlərinin artması Azərbaycana əlavə valyutanın gəlməsi deməkdir. Bu artım kifayət qədər olacaq və beləliklə mart-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo kəskin şəkildə artacaq.

- Amma bunun həm də əks tərəfləri var…

- Sözsüz ki, bu ikitərəfli bir yoldur. Azərbaycan həm də idxaldan asılı olan bir ölkədir. Ərzaq, qeyri-ərzaq məhsulları, məişət texnikası, avtomobillər, ehtiyat hissələri, dərman preparatları idxal edən ölkə kimi Azərbaycan neftin qiymətinin artması fonunda digər əlavə xərclərlə üzləşəcək. Çünki neftin qiymətinin artması, logistikanın, sığorta haqqlarının artmasına səbəb olacaq. Bu da ölkəyə idxal edilən məhsulların qiymətində artım deməkdir. Beləliklə də ölkədə infilyasiyanın yüksəlməsi labüd olar. Yəni, bir tərəfdən udduğumuzu, digər tərəfdən uduza bilərik.

- Bu halda əsas prinsiplər necə qoruna bilər?

- Neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan ədalətli qiymət prinsipinə üstünlük verir. Bu mənada istehsalçılara və istehlakçılara uyğun bir qiymət dəhlizinin olması daha məntiqlidir.

- Enerji məhsullarının daşınması ilə bağlı indiki halda ortaya çıxan əsas anlayışlar hansılardır?

- Gərginliyin artması geosiyasi anlamda boru xətləri vasitəsi ilə enerji məhsullarının daşınmasının önəmini artırıb. Əvvələr isə boru kəmərlərinin aktual olmaması ilə bağlı fikirlər səslənirdi. Çünki nefti və qazı daşıyan böyük tankerlər yaranmışdı. Məsələn, əvvəllər 500-800 min barrel neft daşıyan tankerlər mövcud olmuşdusa, indi artıq 2,5-3 milyon barrelə qədər nefti, 100 milyon kubmetr qazı birdəfəyə daşıyan tankerlər mövcuddur. Cənubi Koreya tərəfindən 1 milyard kubmetr sıxılmış qazı daşımağa hazır olan tankerlər dövriyyəyə buraxılıb. Son hadisələr isə göstərdi ki, boru xətləri ilə daşımalar ucuz və təhlükəsizdir.

- Azərbaycanın enerji məhsullarının ixracı istiqamətində rolu ilə bağlı proqnozlar nədən ibarətdir?

- Yaxın gələcəkdə ölkəmizin boru xətləri habına çevrilməsi mümkündür. Bununla Azərbaycanın özü ilə yanaşı, digər dost və tərəfdaş ölkələrin də enerji məhsullarını daşımaq imkanları artır. Məhz Azərbaycan üzərindən enerji məhsullarının Avropaya çatdırılması üçün imkanlar açılır. Çox guman ki, premium Avropa bazarı da buna diqqəti daha da artıracaq. Azərbaycanla əməkdaşlıq, onun geosiyasi önəminin artması daha çox hiss ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər