Dövlət qulluqçuları mükafat və əlavələrini bu şəkildə ala biləcəklər
İqtisadiyyat
241
12:58, Bu gün

Dövlət qulluqçuları mükafat və əlavələrini bu şəkildə ala biləcəklər

"Dövlət qulluqçuları bəzən bundan narahat olurlar ki, yəqin, mükafat, əlavə almayacağıq və s. Amma onlar uduzmayacaqlar. Əməkhaqqında artım olacaq. Onlar alacaqları əlavəni və mükafatı hər ay stabil olaraq əməkhaqqının tərkibində ala biləcəklər". 

Moderator.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri, ƏƏSMN yanında İctimai şuranın üzvü Sahib Məmmədov deyib. 

Onun sözlərinə görə, əməkhaqqına artım edilməklə vahid və sabit bir əməkhaqqı sistemi tətbiq ediləcək: "Hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçularının maaşı dövlət maaşından, ona edilən əlavələrdən və mükafatlardan ibarətdir. Əlavələr də, əsasən, iki hissədən ibarətdir: Staja və hakimiyyət səlahiyyətinə görə. İndi bunların hamısı optimallaşdırılacaq.

Bunun müsbət tərəflərindən biri odur ki, gənc dövlət qulluqçuları əlavələr ala bilmirdilər. İndi onların əməkhaqqında atım olacaq və bu, gəncləri dövlət qulluğuna gəlməyə həvəsləndirəcək. Mən özüm Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın üzvüyəm və bilirəm ki, gənclər çox vaxt aşağı əməkhaqqına görə dövlət qulluğuna gəlmirlər. 

İkincisi, burada sui-istifadə halları ola bilirdi. Yəni birinə verilirdi, birinə verilmirdi və s. İndi onun qarşısı alınacaq. Həm də bunu proqnozlaşdırmaq artıq dövlət üçün asan olacaq. Məsələn, bilinir ki, dövlət qulluğunda nə qədər şəxs var və onlara nə qədər əməkhaqqı ödəniləcək. 

Dəyişiklikləri hazırda həyata keçirilən dövlət idarəetmə sisteminin optimallaşdırılması ilə bağlı yeniliklər çərçivəsində həyata keçirilən müsbət bir islahat hesab edirəm". 

Qeyd edək ki, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir. Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Link kopyalandı!
Son xəbərlər