Azərbaycanda qiymət artımı və inflyasiya riskləri hansı səviyyədə gözlənilir?
İqtisadiyyat
1579
17:29, Bu gün

Azərbaycanda qiymət artımı və inflyasiya riskləri hansı səviyyədə gözlənilir?

XXI əsrin geosiyasi reallığında beynəlxalq qarşıdurmalar artıq yalnız diplomatik və hərbi müstəvi ilə məhdudlaşmır — onların təsiri birbaşa ölkələrin daxili iqtisadi sisteminə nüfuz edir. ABŞ və İran arasında hərbi qarşıdurmanın dərinləşməsi kimi genişmiqyaslı makroiqtisadi şok təkcə regionun təhlükəsizlik arxitekturasını deyil, eyni zamanda qlobal ticarət marşrutlarını, enerji və ərzaq resurslarının əlçatanlığını köklü şəkildə yenidən formalaşdırmaq potensialına malikdir. Belə bir şəraitdə, idxaldan müəyyən dərəcədə asılı olan Azərbaycan kimi ölkələr üçün ərzaq bazarında qiymət artımı və inflyasiya riskləri daha da aktuallaşır və konkret iqtisadi nəticələr doğura biləcək səviyyəyə yüksəlir.

Bu məqamda belə bir sual xüsusi aktuallıq kəsb edir: ABŞ və İran arasında hərbi qarşıdurmanın dərinləşməsi halında Azərbaycanın ərzaq və digər məhsullar bazarında qiymət artımı və inflyasiya riskləri hansı səviyyədə gözlənilir və mümkün təsirləri minimuma endirmək üçün hansı tədbirlər görülə bilər?

Moderator.az bu sualla Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruca müraciət edib.

İqtisadçı bildirib ki, baş verə biləcək təsirlərin miqyası birbaşa qarşıdurmanın intensivliyindən və xarici təsirlərdən asılıdır. Əgər proses qısa müddət ərzində yekunlaşarsa, bu, əsasən yerli bazarda — xüsusilə ərzaq və tərəvəz sektorunda, müəyyən dərəcədə isə qeyri-ərzaq məhsulları seqmentində qiymət artımları ilə özünü göstərəcək:

“Lakin proses uzunmüddətli xarakter alarsa, bu zaman təsirlər daha dərin və genişmiqyaslı olacaq — həm inflyasiyaya ciddi təsir göstərəcək, həm də ümumi qiymət artımı daha qabarıq şəkildə müşahidə olunacaq. İlkin təhlillər göstərir ki, inflyasiya real proqnozlarla müqayisədə təxminən 1–2 faiz civarında arta bilər. Bu isə öz növbəsində manatın alıcılıq qabiliyyətinə, eləcə də ticarət və qeyri-ərzaq mallarının qiymətlərinə birbaşa təsir göstərəcək.
Bu prosesdə əsas amillərdən biri logistika xərclərinin və enerji qiymətlərinin artmasıdır.

Eyni zamanda, İrandan idxal olunan ərzaq məhsullarının qiymətində baş verən dəyişikliklər də yerli bazarda qiymət artımını şərtləndirəcək. Çünki İran mənşəli məhsullar həm keyfiyyət göstəricilərinə, həm də logistika baxımından əlçatanlığına görə Azərbaycan bazarında geniş yayılıb və müəyyən bazar nüfuzuna malikdir.

Bu baxımdan, İran məhsullarının bahalaşması digər məhsulların qiymətlərinə də zəncirvari təsir göstərə bilər. Bu təsirlərin qarşısını almaq üçün hökumət alternativ istiqamətlərə yönəlməli, idxal mənbələrini şaxələndirməlidir. Yəni İranı əvəz edəcək digər ölkələrdən məhsul idxalının təşkili vacibdir ki, qiymət artımlarının bazara təsiri minimum səviyyəyə endirilsin.

Uzunmüddətli qarşıdurma daha ciddi nəticələrə — həm inflyasiyanın yüksəlməsinə, həm də yerli bazarda qiymətlərin daha sürətli artmasına gətirib çıxara bilər”.

Vüqar Oruc əlavə edib ki, mənfi təsirləri minimuma endirmək üçün ilk növbədə beynəlxalq bazarda neftin qiymətinin artması faktoru nəzərə alınmalı və sosial tədbirlər gücləndirilməlidir ki, mövcud qiymət artımlarının vətəndaşların büdcəsinə təsiri azaldılsın:

“Ən mühüm və strateji yanaşma isə idxaldan asılı iqtisadiyyat modelindən tədricən özünü təmin edən iqtisadi modelə keçiddir. Bu, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması və ümumilikdə iqtisadiyyatın xammal asılılığından çıxarılaraq istehsal yönümlü modelə transformasiyası ilə mümkündür.
Bu istiqamətdə hökumətin artıq müəyyən addımlar atdığı müşahidə olunur və mövcud geosiyasi və iqtisadi şərait nəzərə alınmaqla gələcəkdə daha məqsədyönlü və sistemli tədbirlərin həyata keçiriləcəyi gözlənilir”.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər