Azərbaycanda kredit faizlərinin artımı nə ilə bağlıdır?
İqtisadiyyat
1362
16:50, Bu gün

Azərbaycanda kredit faizlərinin artımı nə ilə bağlıdır?

Son dövrlərdə Azərbaycanda maliyyə sektorunda baş verən dəyişikliklər, xüsusilə kredit faizlərində müşahidə olunan artım həm iqtisadi mühitə, həm də kredit götürən vətəndaşların maliyyə vəziyyətinə təsiri baxımından diqqət mərkəzinə çevrilib. Bu prosesin ardında duran səbəblər və onun bazara mümkün təsirləri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Bu çərçivədə belə bir sual ön plana çıxır: Azərbaycanda kredit faizlərinin artmasında hansı əsas amillər dayanır, bu tendensiya bazara necə təsir göstərir və ümumilikdə prosesin iqtisadiyyat üçün mümkün nəticələri necə qiymətləndirilə bilər?

Moderator.az mövzu ilə bağlı sualları iqtisadçı Rəşad Həsənova ünvanlayıb.

İqtisadçı qeyd edib ki, kredit faizlərinin artmasına müxtəlif faktorlar təsir göstərir və burada ilk növbədə qeyd etmək lazımdır ki, fəaliyyət sahəsinin tənzimlənməsi çərçivəsində aparılan işlər nəticəsində likvidliyin paylanması və xərcsiz vəsaitlərin təmərküzləşmə səviyyəsinin aşağı düşməsi müşahidə olunur:

"Xüsusilə sistem əhəmiyyətli bankların aşağı faizli və ya faizsiz vəsaitlərə çıxış imkanları qismən azalmışdır. Bu isə öz növbəsində təqdim olunan kreditlərin faizlərində artım şəklində öz əksini tapır.
Digər tərəfdən, məhz bu kimi proseslərin təsiri nəticəsində, eləcə də prudensial çərçivənin sərtləşdirilməsi və tələblərin artırılmasının yaratdığı konyunktur şəraitində banklar cəlb etdikləri vəsaitlərə daha çox xərc çəkməyə başlamışlar. Yəni banklar artıq əmanət və depozitləri daha yüksək faizlərlə qəbul etməyə başlayıblar. Bu tendensiya 2023-cü ilin sonlarından, daha dəqiq desək 2024-cü ilin əvvəllərindən müşahidə olunur və hazırda da davam edir. Nəticədə, sistem əhəmiyyətli banklarda cəlb olunan manat və əmanətlərinin faizlərində təxminən 6 faiz bəndi artım qeydə alınmışdır".

Rəşad Həsənov qeyd edib ki, digər mühüm təsiredici faktor tələbin artmasıdır:

"Son iki ildə kredit portfeli sürətlə genişlənmişdir. Bu isə özlüyündə bankların az riskli müştərilərdən daha riskli müştəri seqmentlərinə doğru yönəlməsi ilə nəticələnmişdir. Yəni hər növbəti müştəri bank üçün əvvəlkindən daha riskli hesab olunur. Buna görə də verilən kreditlərin faizləri yüksəlir və bu da orta faiz dərəcələrinin artmasına səbəb olur.
Bundan əlavə, regionlarda kreditləşmənin həcminin artması da ümumi faizlərin yüksəlməsinə təsir edən amillərdəndir.

İstehlak kreditləri və xüsusilə ipoteka kreditləri üzrə son təxminən 1,5 il ərzində ciddi bahalaşma müşahidə olunur. Belə ki, orta kredit faizlərini aşağı salan əsas faktorlardan biri ipoteka faizləri idi. Lakin hazırda, məlum olduğu kimi, bir neçə il əvvəl bəzi banklar öz vəsaitləri hesabına 6%-lə ipoteka kreditləri təklif etdiyi halda, bu gün həmin göstərici 10%-dən yuxarı, bəzi hallarda isə 13%-ə qədər yüksəlmişdir. Bu da orta faiz dərəcələrinin və ümumilikdə kredit faizlərinin artmasına səbəb olur.

Mövcud iqtisadi şəraitdə iqtisadi mühit orta və uzunmüddətli dövr üçün tam sabit proqnozlaşdırıla bilən deyil və bu da əlavə risklər yaradır. Bu risklər kredit xərclərini artıran əsas faktorlardan biri kimi çıxış edir. Uçot dərəcəsi də mövcud şəraitdə böyük ehtimalla azalan dinamika nümayiş etdirməyəcəkdir. Eyni zamanda, Mərkəzi Bankın hazırkı şərtlər daxilində uçot dərəcəsini sabit saxlaması və ya növbəti dövrlərdə artan inflyasiya təzyiqləri fonunda faizləri artırması ehtimalı da mövcuddur.
Nəticə etibarilə, kredit faizlərinin artımı bir çox faktorların – bank resurslarının bahalaşması, risk səviyyəsinin yüksəlməsi, tələbin artması və makroiqtisadi şəraitin təsiri nəticəsində formalaşır".

Ekspert vurğulayıb ki, bundan əlavə, son dövrlərdə kartlar vasitəsilə verilən kreditlərin və onların yüksək faizlərinin də ümumi mənzərəyə təsiri nəzərə çarpır:

"Kredit faizlərinin artması və vəsaitlərin azalması bir sıra neqativ nəticələrə gətirib çıxarır. Bu, biznesin maliyyə resurslarına çıxış imkanlarının məhdudlaşması, eləcə də əhalinin borc yükünün artması ilə müşayiət olunur.
Ümumilikdə qeyd etmək lazımdır ki, hökumətlər iqtisadiyyatın dinamikasını və artım tempini dəstəkləmək üçün həm biznesin təşəbbüs və investisiya qabiliyyətini gücləndirməyə, həm də istehlak bazarının genişlənməsi və məhsula olan tələbin artmasına şərait yaratmağa çalışır. Bu məqsədlə adətən daha çox ekspansiv kredit siyasəti həyata keçirilir.

Belə olan halda faizlərin aşağı salınması gözlənilir və bu istiqamətdə müvafiq tədbirlər görülməlidir. Əgər bunun əksi baş verirsə və kredit faizləri artırsa, bu, sadalanan bütün istiqamətlər üzrə mənfi təzyiqlərin formalaşdığını göstərir.
Bu zaman əhalinin borclara xidmət xərcləri artır, biznesin borclara xidmət xərcləri yüksəlir. Nəticədə biznesin təkrar investisiya imkanları zəifləyir. Bu proses isə orta və uzunmüddətli dövrdə iqtisadi durğunluq (stagnasiya) riskini artırır və hətta məşğulluğa qədər uzanan mənfi təsirlərin formalaşmasına səbəb olur".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər