Bizi sosial şəbəkələrdən izləyin:
“Hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır. İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur. Məşğul əhalinin 35.4 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq bu sektorun ÜDM-də payı cəmi 5.9 faizdir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 min 273 manatdır”.
Moderator.az “Unikal”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, süni intellektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri də inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır:
“Məsələn, bu rəqəm əksər inkişaf etmiş dövlətlərdə 2 faizədəkdir, Rusiyada 5, Polşada isə 6 faizdir. Ekosistemi yaxın olan Qazaxıstanda 11, qardaş Türkiyədə 14 faizdir. Niderlanda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da 2025-ci ildə bu ölkənin aqrar ixracatı 137.5 milyard avro olub. Məşğul əhalinin üçdə birinin çoxunun çalışdığı Azərbaycanda isə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1,3 milyard dollar olub. Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intelektdən daha sıx şəkildə istifadə vacibdir. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4.7 milyard dollar intervalında qiymətləndirilir. 2035-ci ilədək isə 46.6 milyard dollara çatacağı proqnozlaşdırılır.
Azərbaycanda hələ süni intelektin sektorial yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir. Avtomalaşdırma işçi qüvvəsi çatışmazlığını aradan qaldırır. Dronlar məhsulun monitorinqi, sahə təhlili üçün geniş istifadə olunur və bu da onları süni intellekt tətbiqinin əsas hissəsinə çevirir. Heyvandarlqda süni intellekt heyvanların sağlamlığını, davranışını və qidalanmasını izləmək, rifahı və məhsuldarlığı artırmaq üçün istifadə olunur. Süni intelektdən aqrar sektorda istifadə imkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərin artmasına səbəb ola bilər”.