Yaxın Şərqdəki müharibə neftin qiymətini KƏSKİN ARTIRDI: Azərbaycanın gəlirləri ÇOXALACAQ?
İqtisadiyyat
2414
09 Mar 2026 | 12:32

Yaxın Şərqdəki müharibə neftin qiymətini KƏSKİN ARTIRDI: Azərbaycanın gəlirləri ÇOXALACAQ?

"Neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da, qlobal iqtisadiyyatda çağırışları gücləndirir. Bu, təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur".
 
Moderator.az xəbər verir ki, bu fikirləri deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 
 
O qeyd edib ki, "Brent" markalı neftin qiyməti 20 faizə yaxın artıb, hazırda bir bareli 110 dollardan baha satılır:
 
"Bu, İran-İsrail müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir. Neftin qiymətindəki artımlar birjalara da təsirsiz ötüşməyib. Qlobal resessiya riski Asiyada birjaların bu həftəyə öz işinə ciddi enişlərlə başlamasına səbəb olub.
 
ABŞ prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib. Onun fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək. Bununla belə, əksər investorlar qısamüddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər. Belə ki, neftin qiymətinə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir. Körfəz dövlətlərində hasilatda hiss edilən azalmalar qeydə alınmaqdadır. İraqda hasilat 60 faiz azalıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Küveyt də istehsalı azaltmağa məcbur olub. Digər tərəfdən, Körfəz dövlətlərində enerji infrastrukturuna dəyən ziyan hasilatın qısa zamanda bərpasına imkan yaratmır. ABŞ-nin bazara gündəlik 300-400 milyon barel əlavə neft çıxarmaq istəyinin də tarazlığı xüsusi dəyişəcəyi gözlənilmir.
 
Aydındır ki, müharibənin hansı müddəti və coğrafiyanı əhatə etməsi birjalara təsir edən əsas faktor olaraq qalmaqdadır. Bununla belə, savaşdan sonra müharibə zamanı dağıdılan infrastrukturun bərpası üçün tələb edilən zaman və maliyyə də diqqətdən yayınmamalıdır".
 
Eskpert əlavə edib ki, neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da, qlobal iqtisadiyyatda çağırışları gücləndirir:
 
"Bu, təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27.7 milyon ton neft hasil edilib. Həmin il xam neft hasilatı orta hesabla gündəlik 460 min barel, kondensat hasilatı 111 min barel təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 571 min barel olub. Ötən il Azərbaycan 23.1 milyon ton neft ixrac edib.
 
Neftin bir barelinin qiyməti 2026-cı ilin dövlət büdcəsində 65 dollar nəzərdə tutulub. Aydındır ki, söhbət illik orta qiymətdən gedir. Bununla yanaşı, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu, dövlət gəlirlərimizin və eləcə də valyuta ehtiyatlarımızın daha çox artmasına səbəb olacaq. Hətta qısa müddətli daxilolmalarda kəskin artımlar olsa da belə, regionda əməkdaşlıq və stabillikdə maraqlı olan və sülh gündəliyinə töhfə verən Azərbaycan neft bazarında dalğalanmalarda deyil, uzunmüddətli tarazlıqda maraqlıdır. Qlobal strateji bazarlarda uzunmüddətli tarazlıq isə siyasi deyil, iqtisadi faktorlarla müəyyənləşməlidir. Amma hələlik dünya bazarlarında siyasi faktorlar iqtisadi meyarları üstələyir".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər