Moskva o qərarı versə... – Bakı üçün fürsət, yoxsa?
İqtisadiyyat
293
08:50, Bu gün

Moskva o qərarı versə... – Bakı üçün fürsət, yoxsa?

Rusiya Prezidenti Vladimir Putin hökumətə Avropa bazarına qaz tədarükünün dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırmağı planlaşdırır.

“Bəlkə indi Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəlidir? Açılan yeni bazarlara yönəlib orada möhkəmlənək?” – deyə o, bildirib.

“Onlar (Avropa ölkələri – red.) bir ay sonra Rusiya qazının, o cümlədən mayeləşdirilmiş qazın alınmasına məhdudiyyətlər tətbiq etməyi planlaşdırırlar. Bir ildən sonra isə daha sərt məhdudiyyətlər, hətta tam qadağa tətbiq etmək istəyirlər. Bu vaxt isə yeni bazarlar açılır”, – deyə o vurğulayıb və əlavə edib ki, məsələni Rusiya şirkətləri ilə birlikdə işləyib hazırlamaq üçün hökumətə tapşırıq vermək niyyətindədir.

Putinin belə bir qərarı olarsa, Avropa çıxış yolunu nədə tapacaq? O halda Azərbaycan qazının önəmi yəqin ki, artacaq. Ancaq necə və hansı səviyyədə? Ölkəmizə mümkün faydaları nə ola bilər?

İqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a bildirib ki, Avropa İttifaqına üzv ölkələr bir ildə təxminən 310 milyard kubmetr qaz istehlak edirlər:

“Bütövlükdə Avropanın qaza olan təlabatı 460 milyard kubmetrdir. Azərbaycandan Avropaya qaz satışının həcmi isə 25 milyard kubmetr səviyyəsindədir. İndi Avropanın qaz təminatında Norveçin payı 30,0%-dən çoxdur və o ən böyük paya sahibdir. Sonrakı yerləri ABŞ (sıxılmış qaz), Əlcəzair, Rusiya və Azərbaycan tutur. 2021-ci ildə Avropanın qaz təminatında Rusiyanın payı 45%-ə çatırdı. İndi bu rəqəm 15-18%-i ötmür. Göründüyü kimi, indiyə qədər Rusiyanın Avropaya satdığı qazın həcmi Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən əvvəlki dövrlə müqayisədə 2,7 dəfədən çox azalıb”.

Ekspert bildirib ki, Ukraynaya qarşı işğalçı müharibənin dayandırılmasını istəməyən Rusiya Avropanın yeni, daha sərt sanksiyaları ilə üzləşməkdədir:

“Yeni sanksiyaların Rusiyadan qaz ixracını tamamilə dayandıracağı xəbərini alan Rusiya hökuməti guya bundan qətiyyən narahat deyil və Avropanın alışından imtina etdiyi qazı başqa bazarlara satacaqdır. Absurd bir bəyanatdır. Qaz neft deyil ki, onu oğurluq yollarla tankerlər vasitəsilə harasa daşıyasan. Digər tərəfdən bu qazı ala biləcək yeganə ölkə Çin ola bilər ki, Çin də Rusiya qazı üçün bazarın tam qapandığını nəzərə alıb, onu “su qiymətinə”, maya dəyərindən də aşağı qiymətə almaq istəyəcəkdir. Rusiya hökumətinin bu gün qaz və neft satışı ilə bağlı verdiyi bəyanatlar sadəcə blefdir. ABŞ və AB tezliklə Rusiyadan neft və qazın satışının tam sıfırlanmasına nail olacaq”.

Link kopyalandı!
Son xəbərlər