BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında gələcək karbohidrogen hasilatı üçün obyektlərin layihələndirilməsinə başlayıb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.
"Qarabağ" yatağında işlərin sürətləndirilməsi üçün biz seysmik tədqiqatlarla paralel olaraq, gələcək hasilat üçün tələb olunacaq obyektlərin layihələndirilməsinə başlamışıq", - C.Kristofoli deyib.
O qeyd edib ki, hasilatın özünün planlaşdırılması üzrə də işlər aparılır: "Hasilat platforma tikilmədən sualtı quyulardan həyata keçiriləcək, bununla yanaşı onlar boru kəmərləri vasitəsilə mövcud "Dərinsulu Günəşli" platforması ilə birləşdiriləcək".
C.Kristofoli əlavə edib ki, boru kəmərlərinin tikintisi yeni texnologiya ilə - dənizdə borudüzən gəmidən istifadə edilməklə deyil, quruda həyata keçiriləcək.
"Boru kəmərləri tamamilə sahildə quraşdırılacaq və sürüşdürmə üsulu ilə yatağa çatdırılacaq. Bunun üçün quruda xüsusi obyektin tikintisi planlaşdırılır, ondan digər layihələr üçün də istifadə olunacaq. Tikinti üçün yer artıq müəyyən edilib", - o bildirib.
Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb.
Birinci layihə Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən "Qarabağ" yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) blokudur.
Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.
İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.