Əhaliyə BUNA GÖRƏ pul verilə bilər – GÖZLƏNTİ
İqtisadiyyat
286
08:56, Bu gün

Əhaliyə BUNA GÖRƏ pul verilə bilər – GÖZLƏNTİ

Ötən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları - özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu vurğulayır, problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar. Qeyd edək ki, dövlətin qiymətli kağızının dövriyyədə ödəmə vasitəsi kimi müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.

Bu problem həll oluna bilərmi?

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Dövlət müddəti vaxtilə bir neçə dəfə uzadıb. Bu məsələ ilə bağlı vətəndaşların bir qismi mənə müraciət edib və məndən narazı qalıblar. Birincisi, dövlət vaxtilə müddəti bir neçə dəfə uzadıb. Kimsə çatdırmayıb, hər dəfə bildiriblər ki, gedin həll edin, bundan istifadə edin. Yəni bu özəlləşmə çeklərinin müəyyən müddəti var idi. Dövlət həmin müddəti bir neçə dəfə uzadıb və axırıncı dəfə də deyilib ki, bundan sonra artıq uzadılmayacaq, 2011-ci ildə. Üstündən düz 15 il keçib, bu, xeyli müddət deməkdir”.

Hüquqşünas qeyd edib ki, yenidən müddətin uzadılmasını tələb edirlər və bunu “yüz minlərlə vətəndaşın problemi” kimi təqdim edirlər. Lakin onun fikrincə, söhbət yüz minlərlə vətəndaşdan deyil, ola bilsin yüz minlərlə çekdən gedir: “Bu o demək deyil ki, bütün çeklər ayrı-ayrı şəxslərin əlindədir. Birincisi, prinsip olaraq, dövlət nəyəsə müddət qoyursa və sonra hər dəfə onu uzadırsa, insanlar hər dəfə ümid edirlər ki, istənilən halda dövlət yenə vaxtını uzadacaq. Nəticədə insanların aktivliyi azalır. Bu bir. Deməli dövlət də, hökumət də işini planlaşdıra bilməyəcək. İkinci məsələ isə budur ki, bu, həmin fəaliyyəti vaxtında həyata keçirənlərə qarşı haqsızlıqdır. Məsələn, götürək o çekləri. Həqiqətən də vaxtilə dövlət müddət verib, insanlar da gedib istifadə ediblər. Ola bilər ki, bunu o qədər də effektiv, özlərinə ən sərfəli formada etməyiblər. Amma indikilər, əgər onlara yenidən imkan verilsə, həmin şərtlərdən daha səmərəli istifadə edə, daha çox aktiv əldə edə bilərlər.

Bu, vaxtında istifadə edənlərə qarşı nə dərəcədə ədalətlidir? Onlar ki, vaxtında gedib istifadə ediblər. Yəni, hər dəfə müddətlərin uzadılması tamamilə düzgün addım deyil. Amma mən bu məsələləri də kənara qoyuram”.

Hüquqşünas diqqəti digər mühüm məqamlara da yönəldib. O bildirib ki, ona müraciət edən şəxslər arasında minlərlə çeki olanlar var. Onun sözlərinə görə, həmin şəxslər vaxtilə çekləri vətəndaşlardan ucuz qiymətə alıb, gələcəkdə qiymət artımı və ya imkan yaranacağı təqdirdə istifadə etməyi planlaşdırıblar, lakin bundan yararlana bilməyiblər: “Belə şəxslər artıq sıravi vətəndaş deyil, faktiki olaraq bunu biznes imkanı kimi görən adamlardır”.

Əkrəm Həsənov ən riskli məqamın isə çeklərin sonrakı taleyi ilə bağlı olduğunu vurğulayıb. O xatırladıb ki, vaxtilə bu çeklər vasitəsilə dövlət müəssisələrində paylar və müxtəlif obyektlər əldə olunub. Lakin istifadə edilən çeklərin sonradan məhv edilib-edilmədiyi, dövriyyədən çıxarılıb-çıxarılmadığı barədə aydın və şəffaf statistika yoxdur: “Biz haradan bilək ki, həmin çeklərdən artıq istifadə olunmayıb? Onların hamısının məhv edildiyinə dair tam etibarlı uçot varmı? Eyni çekdən ikinci dəfə istifadə riski istisna deyil”.

Onun sözlərinə görə, ehtimal etmək olar ki, müəyyən şəxslər çekləri saxlayıb və yenidən müddət veriləcəyi halda onları dövriyyəyə buraxmağa çalışa bilərlər: “Mən konkret kimisə ittiham etmirəm. Amma belə risk var və bu, dövlət üçün təhlükəli vəziyyət yarada bilər”.

Hüquqşünas hesab edir ki, müddətin yenidən uzadılması çağırışlarının arxasında hər zaman saf niyyət dayanmadığını nəzərə almaq lazımdır. O əlavə edib ki, dövlət büdcəsinin kifayət qədər problemləri olduğu bir vaxtda dövlət əmlakının faktiki olaraq pulsuz şəkildə yenidən paylanması iqtisadi baxımdan da məqsədəuyğun deyil.

Qeyd edək ki, ötən əsrin sonunda – Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət Proqramı ilə verilib və Qanunun icrasını təmin etmək üçün AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə uyğun olaraq paylanıb. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda, onların dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər