"İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər. Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollara olub. 2024-cü ildə bu göstərici 647 milyon dollar idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb.
"Deməli, İran ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır.
Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.
Bu aspektdən, daha da konkretləşdirsək: İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər?
Əgər İranln ixrac imkanları daha uzun müddət məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər. Belə ki, 2025-ci ildə Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (14.3 milyon dollar), kartof (13.6 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış məhsullar (11.8 milyon dollar), badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon dollar), kərə yağı (8.7 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya pimenta növünün barı (8.3 milyon dollar), xurma, təzə vəya qurudulmuş (6.4 milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü (5.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (4.1 milyon dollar), kivi (3.1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.
Bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Sözügedən müddətdə İrandan azot (84.8 milyon dollar), arqon (48.7 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (20.1 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (18.9 milyon dollar), təbii barium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyon dollar), hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyon dollar), dinatrium karbonat (5.8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub.
Göründüyü kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.
Bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Azərbaycanın xarıcı ticarət dövriyyəsinin cəmi 1.3 faizi İranın payına düşür. 2025-ci ildə illik idxalımızın 2.6 faizi İranın hesabına formalaşıb.
Bütün bunlar ilə yanaşı, İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirlərək əvəzlənməsinə ehtiyac var. Təbii ki, bu eyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən asılı olacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır", - o bildirib.