Bizi sosial şəbəkələrdən izləyin:
Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək.
Moderator.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd olunan qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən alıcılara təqdim etdikləri elektron xidmətlər üzrə dövriyyənin həcmi müəyyən edilmiş həddi (10 000 ABŞ dollarının manat ekvivalenti) aşdığı hallarda onların vergi uçotuna alınması məcburi, həmin həddə çatmadıqda isə könüllü olacaq.
Elektron ticarət qaydasında təqdim edilən iş və xidmətlərin sayı və həcmi böyük olduğundan qanunvericiliklə belə xidmətlərin əhatə dairəsinə aid edilməyən istisnalar müəyyənləşdirilir. Bu istisnalara məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri aiddir. Həmin xidmətlərin mahiyyət etibarilə fərdiləşdirilmiş xarakter daşıması, real vaxt rejimində birbaşa qarşılıqlı ünsiyyət əsasında icra edilməsi və ənənəvi xidmət münasibətlərinə daha yaxın olması nəzərə alınmaqla, elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir. Dəyişiklik ƏDV-nin hər hesabat dövrü üçün, lakin hesabat dövründən sonrakı ayın son günündən gec olmayaraq ödənilməsini nəzərdə tutur.
Məcburi qeydiyyatla bağlı qanunvericiliyin bu tələbinin 6 (altı) aydan sonra tətbiq olunacaq və vergi uçotu qanun qəbul edildikdən sonra təsdiq ediləcək qaydalara uyun olaraq sadələşdirilmiş prosedur (onlayn qeydiyyat, minimal hesabat tələbləri) əsasında həyata keçiriləcəkdir. Bu isə qeyri-rezidentlərə sistemlərini, vergi infrastrukturunu və hesabat mexanizmlərini qanunun tələblərinə uyğunlaşdırmaq imkanı yaradacaq.