Bizi sosial şəbəkələrdən izləyin:
"Milli Məclisdə "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişikliklərin müzakirəsi təbii ki, müəyyən zərurətdən irəli gəlir və strateji sahələrdə dövlətin maraqlarının qorunması baxımından başa düşüləndir".
Moderator.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, qanun layihəsinə əsasən, dövlət strateji əhəmiyyətə malik investisiyaları investordan əldə edə bilər və bu yalnız Azərbaycan dövlətinin, xalqının mənafelərinə zərər verən və ya milli maraqlara zidd olan müstəsna hallarda tətbiq ediləcək.
"Burada çox vacib bir məqam vardır. Bu dəyişikliklər investisiya mühitinə mənfi təsir göstərməməlidir. İnvestor üçün əsas məsələ proqnozlaşdırıla bilən və aydın hüquqi çərçivənin olmasıdır. Qanunda istifadə olunan "strateji əhəmiyyət", "xalqın mənafeyi", "milli maraqlar" kimi ümumi ifadələrin konkret izahına ehtiyac var. Çünki ölkəmiz üçün təxminən 10-dan çox strateji istiqamət, 100-ə yaxın xalqın mənafeyi ilə bağlı istiqamətlər, 50-dən çox istiqamətdə milli maraqlar mövcuddur. Bu isə yüzlərlə konkret fəaliyyət və qərar sahəsi deməkdir.
Əminliklə demək olar ki, qeyd olunan bu geniş istiqamətlərin hamısı qanunun birbaşa tətbiq obyektini təşkil etməyəcək. Buna görə yüksək səviyyəli institusional müzakirələr nəticəsində risk baxımından daha həssas hesab edilən konkret 5-10 istiqamətin ayrıca olaraq qanunvericilikdə dəqiq göstərilməsi daha məqsədəuyğun olardı. Bu anlayışların sərhədləri aydın müəyyən edilmədikdə, geniş şərh və interpretasiya riski yaranır. Məhz buna görə yeni dəyişikliklərdə bu anlayışların konkret istiqamətlər üzrə açıqlanması vacibdir. Qanunvericilik praktikasında bu yanaşmanın nümunələri mövcuddur və tətbiqi hüquqi müəyyənliyi gücləndirər, investor etimadını qoruyar. Aydınlıq və şəffaflıq güclü investisiya mühitinin əsas şərtidir".