“Rusiya ABŞ-ın bu planlarını pozmaq üçün Zəngəzur yolu -“TRİPP”-də yer almaq istəyir, ABŞ isə...
İqtisadiyyat
305
11:18, Bu gün

“Rusiya ABŞ-ın bu planlarını pozmaq üçün Zəngəzur yolu -“TRİPP”-də yer almaq istəyir, ABŞ isə..."

“ABŞ-ın nəzarəti altında Zəngəzur dəhlizi açılacaq və Rusiya və Çin isə bu prosesdən uzaqda tutulacaq...”
 
“ABŞ-ın Ukraynada olduğu kimi, Cənubi Qafqaz və Yaxın Şərq siyasəti də ziqzaqlarla doludur və eyni strateji məqsədə qulluq edir...”
 
Xəbər verildiyi kimi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Rossiya 24" telekanalının efirində bildirib ki, Moskva, xüsusən də Rusiya ilə Ermənistan arasında dəmir yolu sektorunun inkişafı sahəsində əməkdaşlığı nəzərə alaraq, Rusiyanın "Tramp Yolu"(Zəngəzur yolu) layihəsində iştirakı imkanlarını müzakirə etməyə açıqdır. Kopırkinin sözlərinə görə, Rusiya "Trampın beynəlxalq sülh və rifaha aparan yolu" ("TRİPP") adlanan bu layihə ətrafındakı inkişafları diqqətlə izləyir. Qeyd edək ki, bundan əvvəl də Rusiya tərəfindən Ermənistan və ABŞ arasında razılaşdırılmış Zəngəzur yolu layihəsində iştirak edə biləcəyi barədə fikirlər səslənib. Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan da, parlament sədri Alen Simonyan da “TRİPP” layihəsində yalnız ABŞ və Ermənistanın iştirak etdiyini və hər iki dövlətin razılığı olmadan hansısa digər dövlət, o cümlədən Rusiya bu layihəyə qatıla bilməz.
 
Bəs reallıqda Rusiyanın artıq rəsmən ABŞ-ın himayəsində olan Zəngəzur yolu layihəsində iştirakı mümkündürmü? İlk zahiri müşahidələrdən demək olar ki, Birləşmiş Ştatların hazırkı lideri Donald Trampın ipinin üstə odun yığmaq mümkün deyil və sabah Vladimir Putinlə hansısa sövdələşmə sayəsində Moskvada yenidən "Şuşi" kinosu verən Rusiyanın “TRİPP”-də iştirakına razılıq verə bilər...
 
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, hazırkı Amerika lideri Donald Tramp barədə bizim təsəvvürlərimiz böyük ölçüdə yanlışdır: 
 
“Bizim Tramp haqqında qənaətlərimiz əsasən onun Ukrayna ilə bağlı ziqzaqlı mövqeyinə görə formalaşıb. Halbuki, bu mövqe yalnız Trampa aid də deyil. Trampdan əvvəl Co Bayden də Ukraynaya yetərli dəstək vermir, müxtəlif bəhanələrlə prosesi yubadırdı. Hətta deyərdim ki, Ukrayna müharibəsi məsələsində ABŞ-ın bir-birinə zidd ideoloji konsepsiyalara malik iki partiyası sözdə bir-biriylə toqquşsalar da, əslində paslaşırdılar. Onlardan biri “yaxşı”, digəri isə “pis polis” rolu oynayırdı. Baydenin könlü olsaydı, Ukraynaya əvvəldən uzaqmənzilli raketlər verib məsələni vaxtında çözərdi. Amma o, Ukraynaya ən həlledici anlarda ağır silahlar və texnikalar vermir, münaqişəni uzatmağa çalışırdı. Eyni siyasəti indi Tramp yürüdür. Onun sələfindən yeganə fərqi budur ki, indi “yaxşı polis” də, “pis polis” də Trampın özüdür”.
 
Analitikin fikrincə, ABŞ-ın Ukraynada olduğu kimi, Cənubi Qafqaz və Yaxın Şərq siyasəti də ziqzaqlarla doludur və eyni strateji məqsədə qulluq edir: 
 
“Məqsəd prosesi uzatmaq və beynəlxalq tranzit yollarını öz nəzarəti altına almaqdır. Bu siyasətin əsas hədəfi isə Rusiyadan çox, Çindir. Çünki Rusiya da, Cənubi Qafqaz da Çinin Avropaya uzanan marşrutu üzərində yer alır. Rusiya “Bir Yol, Bir Kəmər” layihəsinin şimal, Cənubi Qafqaz isə “Orta dəhliz” adlanan marşrutunun keçdiyi coğrafiya deməkdir. Çinin böyüməsini durdurmaq və onu ram etmək üçün bu marşrutları nəzarət altına almaq lazımdır. Başqa təbirlə desək, ABŞ Cənubi Qafqazın və Orta Asiya ölkələrinin inkişaf etməsi, yaxud Çinin Avropaya uzanan yollarındakı əngəlləri aradan qaldırmaq üçün Zəngəzur dəhlizi və ya yeni adıyla “TRİPP” üzərində lövbər salmayıb. Onun məqsədi tamamilə öz nəzarəti altında tutduğu bu yolu istədiyi zaman bağlamaq və sözügedən dəhlizi öz maraqlarına uyğun şəkildə idarə etməkdir. Məhz bu səbəbdən də Rusiyanın bu dəhlizdə iştirakını istəmir. Nikol Paşinyan və Alen Simonyan “Rusiyanın Zəngəzur dəhlizində iştirakına ABŞ qərar verə bilər” deyərkən də bunu nəzərdə tutur və topu okeanın o tayına ataraq məsuliyyətdən yaxa qurtarır.
 
Bununla belə, ABŞ Zəngəzur dəhlizinin tamamilə dayandırılmasını da istəmir. Əvvəla, ona görə ki, regional dövlətlərin iradəsinə qarşı çıxacaq qədər güclü deyil. Bölgə dövlətləri ABŞ-ın arzu və istəklərini nəzərə almadan da bu yolu aça bilərlər. İkinci ona görə ki, Vaşinqton Orta Asiyanı və Cənubi Qafqazı Çinə uduzmaq istəmir. Əksinə, onları bir arada tutaraq Çin və Rusiya arasında bufer zona yaratmağa çalışır. Üstəlik, Çinlə rəqabətdə ona lazım olan nadir torpaq elementləri ilə zəngin bölgədən söhbət gedir. Qazaxıstanın Sənaye və İnşaat Nazirliyinin ötən il yaydığı məlumatlara görə, ölkənin Kargana vilayətinin Jana-Qazaxıstan geoloji bölgəsində 38 yeni mineral yatağı kəşf edilmişdi. Bu ehtiyata 20 milyon tondan çox nadir torpaq elementləri daxildir. Yeni kəşf edilmiş yataqlar arasında qızıl kimi dəyərli metallar da var. Bundan əlavə, Qazaxıstan dünyanın ən böyük uran yataqlarına da sahibdir. Bənzər fikirləri Özbəkistan, Qırğızıstan, Tacikistan barədə də söyləmək mümkündür. Hazırda belə, Türkmənistan dünyanın ən böyük 4-cü qaz ehtiyatına malik olan ölkəsidir. Qazaxıstanın da yetərincə qaz və neft ehtiyatları var. Sözsüz ki, bu qədər təbii zənginliklərə və faydalı minerallara malik coğrafiyanı ABŞ başqasına, xüsusilə də Çinə buraxmaq istəməz. Əks halda hazırda dünyanın kəşf edilmiş nadir mineral ehtiyatlarının 70%-ə qədərini öz əlində cəmləşdirən və 90%-dən çoxunu istehsal edən Çinlə rəqabət apara bilməz...
 
Sirr deyil ki, Cənubi Qafqaz da nadir torpaq elementləri ilə zəngin coğrafiyalardandır. Bu ehtiyatların istismarı və ABŞ iqtisadiyyatına qazandırılması üçün Zəngəzur dəhlizinə ehtiyac var. Bir neçə gündən sonra ABŞ-ın vitse-prezidentinin Ermənistana və Azərbaycana səfəri və bu səfər çərçivəsində iki dövlət arasında sülh danışıqlarının sürətləndirilməsinə verəcəyi töhfə məncə, təsadüfi deyil. Səfərin əsas məqsədlərindən biri də “bura mənim maraq dairəmə daxildir” mesajını verməkdir”. 
 
Heydər Oğuzun fikrincə, ABŞ-ın nəzarəti altında Zəngəzur dəhlizi açılacaq və Rusiya və Çin isə bu prosesdən uzaqda tutulacaq: 
 
“Bunu 2024-cü ildə ABŞ Konqresində çıxış edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn da açıq şəkildə dilə gətirmişdi. O demişdi ki, “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindirlər və indi onların dünya bazarlarına çıxmaq üçün yeganə variantları Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçəcək marşrut aça bilsək, o zaman onlar Rusiya və Çindən daha az asılı olacaqlar.” Yəni Rusiya və Çindən yan keçən Zəngəzur dəhlizi variantı üzərində dayanmışdı. Fikrimcə, Rusiya ABŞ-ın bu planlarını pozmaq üçün “TRİPP” yolunda yer almaq istəyir, ABŞ isə Ermənistan liderlərinin diliylə ona “yox” cavabı verir”.
 
Link kopyalandı!
Son xəbərlər