Avropa Komissiyası STEAS və TISS-in
İqtisadiyyat
229
06 Feb 2026 | 22:55

Avropa Komissiyası STEAS və TISS-in "SOCAR Terminal"a birgə nəzarətini təsdiqləyib

Avropa Komissiyası Türkiyədə qeydiyyatdan keçmiş "SOCAR Aliağa Liman İşletmeciliği A.Ş." ("SOCAR Terminal") şirkəti üzərində "SOCAR Turkey Enerji A.Ş." (STEAS) və "Terminal Investment Switzerland Sàrl" (TISS) şirkətlərinin birgə nəzarətinin qurulmasına dair sövdələşməni təsdiqləyib.

Moderator.az-ın Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, TISS İsveçrənin "MSC Mediterranean Shipping Company Holding S.A." və ABŞ-nin "BlackRock"şirkətlərinin birgə nəzarətindədir.

Sövdələşmə əsasən Əliağa bölgəsində (İzmir vilayəti) konteyner terminalı xidmətlərinin göstərilməsini əhatə edir.

Avropa Komissiyası belə nəticəyə gəlib ki, sövdələşmə rəqabəti zəiflətməyəcək, çünki onun Avropa İqtisadi Zonasının bazarına təsiri məhduddur. Buna görə sövdələşmə sadələşdirilmiş prosedur çərçivəsində nəzərdən keçirilib.

Qeyd edək ki, "SOCAR Turkiye Enerji" 2018-ci ildə Niderlandın "APM Terminals" şirkətindən onun Türkiyədəki yeganə aktivi olan "APM Terminalleri Liman Isletmeciligi A.S."ni alıb. "APM Terminals" 2013-cü ilin fevralında "Petkim" ilə İzmirdə illik gücü 1,5 milyon TEU olan yeni konteyner terminalının yaradılması barədə saziş imzalayıb.

Sazişlə "APM Terminals" həmçinin terminaldan 28 il müddətinə istifadə və idarəetmə hüququnu əldə edib. Layihənin ümumi dəyəri 450 milyon ABŞ dolları təşkil edib. Bu layihəni reallaşdırmaq üçün "APM Terminals" tərəfindən "APM Terminalleri Liman Isletmeciligi A.S." şirkəti təsis edilib. "Petlim" terminalı 2016-cı il dekabrın 6-da I mərhələ çərçivəsində kommersiya fəaliyyətinə başlayıb və ilk gəmini qəbul edib. Birinci mərhələdə limanın gücü ildə 800 min konteyner təşkil edib, ikinci mərhələnin reallaşdırılmasından sonra isə bu göstərici 1,5 milyon konteynerə çatıb.

Gələcəkdə limanın gücünün ildə 4 milyon konteynerə qədər artırılması mümkündür.

Link kopyalandı!
Son xəbərlər