“Çox güman ki, Tramp  Rusiyanın Zəngəzur yolu- “TRİPP” layihəsində iştirakına razılıq verəcək...”
İqtisadiyyat
1236
21:01, Bu gün

“Çox güman ki, Tramp  Rusiyanın Zəngəzur yolu- “TRİPP” layihəsində iştirakına razılıq verəcək...”

“Bizim üçün vacib odur ki,  Naxçıvanla sərbəst gediş-gəlişimizə şərait yaransın və oradan da Türkiyə vasitəsilə Avropaya çıxa bilək. Heç güman etmirəm ki, Azərbaycan, yaxud Türkiyə  Rusiyanın bu layihədə iştirakına etiraz etsin...”

“Digər tərəfdən, yalnız ABŞ kimi iri dövlətlə yanaşı Rusiyanın da Zəngəzur yoluna bir növ bir-birinə rəqabətdə nəzarət etməsi bizim üçün bir növ balans yaradacaq...”
 
Xəbər verildiyi kimi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Rossiya 24" telekanalının efirində bildirib ki, Moskva, xüsusən də Rusiya ilə Ermənistan arasında dəmir yolu sektorunun inkişafı sahəsində əməkdaşlığı nəzərə alaraq, Rusiyanın "Tramp Yolu"(Zəngəzur yolu) layihəsində iştirakı imkanlarını müzakirə etməyə açıqdır. Kopırkinin sözlərinə görə, Rusiya "Trampın beynəlxalq sülh və rifaha aparan yolu" ("TRİPP") adlanan bu layihə ətrafındakı inkişafları diqqətlə izləyir.
Qeyd edək ki, bundan əvvəl də Rusiya tərəfindən  Ermənistan və ABŞ arasında razılaşdırılmış Zəngəzur  yolu layihəsində iştirak edə biləcəyi barədə fikirlər səslənib. Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan da, parlament sədri Nikol Paşinyan da “TRİPP” layihəsində yalnız ABŞ və Ermənistanın iştirak etdiyini və hər iki dövlətin razılığı olmadan hansısa digər dövlət, o cümlədən Rusiya bu layihəyə qatıla bilməz.
 
Bəs reallıqda Rusiyanın artıq rəsmən ABŞ-ın himayəsində olan Zəngəzur yolu layihəsində iştirakı mümkündürmü? Belə baxanda Birləşmiş Ştatların hazırkı lideri Donald Trampın ipinin üstə odun yığmaq mümkün deyil və sabah Vladimir Putinlə hansısa sövdələşmə sayəsində Rusiyanın “TRİPP”-də iştirakına razılıq verə bilər...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri ifadə edib:
 
“Çox güman ki, Donald Tramp  Rusiyanın Zəngəzur yolu- “TRİPP” layihəsində iştirakına razılıq verəcək. Çünki oradakı dəmir yollarının mülkiyyətçisi Rusiyadır, Ermənistan çoxdan satıb dəmir yollarını Rusiyaya.  Bu barədə rəsmi sazişlər mövcuddur. Odur ki, bəhs edilən layihədə Rusiyanın iştirakı gözləniləndir və yenə deyirəm: çox güman ki, Amerika da buna razılıq verəcək...”
 
“Belə çıxır ki, ABŞ razılıq verəndən sonra Ermənistan da razılıq verməyə məcbur olacaq?” sualını isə siyasətçi belə cavablandırıb:
 
“Bəli, Ermənistan buna məcburdur. Həm də ona görə ki, təkrar edirəm: bi ölkənin dəmir yollarının sahibi Rusiyadır. Və bu dövlət ən azı Zəngəzur ərazisindən keçəcək dəmir yoluna nəzarət etməlidir. Əslində Rusiyanın Zəngəzur yolu ilə bağlı layihədə iştirakının elə bir əhəmiyyəti yoxdur. Onsuz da əvvəlki-  10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmada da Moskvanın bu yola nəzarət etməsinə razılıq vermişdik. Və bu, Ermənistanla Rusiya arasında olan mübahisədir və biz heç ona qarışmamalıyıq.  Bizim üçün vacib odur ki,  Naxçıvanla sərbəst gediş-gəlişimizə şərait yaransın və oradan da Türkiyə vasitəsilə Avropaya çıxa bilək. Heç güman etmirəm ki, Azərbaycan, yaxud Türkiyə  Rusiyanın bu layihədə iştirakına etiraz etsin. Mən belə fikirləşirəm. Digər tərəfdən, yalnız ABŞ kimi iri dövlətlə yanaşı Rusiyanın da Zəngəzur yoluna bir növ bir-birinə rəqabətdə nəzarət etməsi bizim üçün bir növ balans yaradacaq...”
 
Sultan Laçın
  
 
Link kopyalandı!
Son xəbərlər