Qərbdən Azərbaycana qaz SABOTAJI – Narahatlığa ƏSAS varmı?
İqtisadiyyat
310
10:52, Bu gün

Qərbdən Azərbaycana qaz SABOTAJI – Narahatlığa ƏSAS varmı?

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı 2027-ci il üçün Rusiya boru xətti qazından tam imtina ilə yanaşı, Azərbaycan və Türkiyədən nəql olunacaq qazın Rusiya mənşəli olmadığına dair arayışın verilməsinə dair də qərar qəbul edib. Avropa Birliyinin Rəsmi Jurnalında dərc edilmiş Aİ Şurasının qaydasına əsasən hər iki ölkə Bolqarıstan sərhədindəki kompressor stansiyalarından biri vasitəsilə Aİ ərazisinə çatdırılan qazın Rusiya mənşəli olmadığını sübut etməli olacaqlar.
 
Söhbət Türkiyə ilə Bolqarıstan sərhədində yerləşən Strandja-1/Malkoçlar qaz ötürmə məntəqəsindən gedir. Avropa Qaz Ötürücü Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatına görə, 2025-ci ildə bu məntəqə vasitəsilə Bolqarıstana 1,9 milyard kubmetr qaz tədarük edilib.

Həmin məntəqənin yaxınlığında başqa bir kompressor stansiyası olan Strandzha-2/Malkoçlar yerləşir ki, bu da Rusiyadan TürkAxını qaz kəmərinin dəniz hissəsinin qurudakı uzantısıdır. Hansı ki, bu uzantı vasitəsilə Türkiyə üzərindən nəql olunan Rusiya qazı Aİ ərazisinə daxil olaraq Serbiya, Macarıstan və Slovakiyaya çatdırılır. Aİ-nin Rusiya qazını qadağan edən qərarı qüvvəyə mindikdən sonra bu məntəqədən yalnız Aİ üzvü olmayan Serbiyaya qaz göndərilməsi mümkün olacaq. Serbiyanın Rusiyadan illik 2,2 milyard kubmetr qaz alışına dair müqaviləsi var. Lakin belə kiçik həcmli nəql üçün ötürücülük gücü 15,2 milyard kubmetr olan Balkan nəql sisteminin işləməsinin iqtisadi baxımdan faydalı olmayacağı gözlənilir.

Aİ-nin yoxlama qərarına əsasən oxşar sxem Aİ boru kəməri sistemini əhəmiyyətli miqdarda Rusiya qazı daşıyan boru kəmərlərinə birləşdirən digər kompressor stansiyalarına da tətbiq olunacaq. Rusiya qazından tam imtina qərarı verən Aİ-nin belə yoxlama tədbirlərinə əl atması təcrübədən qaynaqlanır. Belə ki, 2022-ci ildə Bolqarıstan Rusiya qazının alışından imtina etdiyini açıqlasa da, 2023-cü ildə məlum oldu ki, Transbalkan sistemi ilə Qazprom qazı bu ölkəyə çatdırılmağa davam edir. Bu kimi halların təkrarlanmaması üçün Aİ məhz həmin sistemə qaz ötürən kompressor məntəqəsini hədəf alıb.

Həmin məntəqədən Azərbaycan qazının da Transbalkan kəməri ilə Bolqarıstana nəqli həyata keçirilir. Məsələ burasındadır ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəmərinin ötürücülük gücü Azərbaycanın artan ixrac potensialına cavab vermirdi. Buna görə də Bak2023-cü ildən Transbalkan kəmərindən geri rejimdə istifadə olunmaqla öz qazının bir hissəsini onunla Avropa ölkələrinə çatdırılmasına nail olub. Bu ilin əvvəlindən TAP-ın ötürücülük gücünün 11,2 milyard kubmetrə çatdırılması təmin olunub. Lakin bu həcm də ixrac potensialına uyğun deyil. Belə ki, 2025-ci ildə Azərbaycandan Avropaya 12,9 milyard kubmetr qaz ixracı qeydə alınıb. Cari il üçün bu həcmin ən pis halda dəyişməz qalması gözlənilir. TAP isə yalnız 11,2-11,5 milyard kubmetrin nəqlini təmin edə bilər. Bu baxımdan, Azərbaycan Transbalkandan istifadə etmək üçün Aİ-nin tələbinə əməl etməli olacaq.

Aİ-nin Rusiya qazından imtina, həmçinin Türkiyə üzərindən əsas məntəqədən Avropaya gedəcək qazın mənşəyinə nəzarət sistemi yaratması ilk növbədə Ankara üçün ciddi itkilərə gətirib çıxaracaq. Ən böyük zərər TürkAxını ilə nəqlin 10 dəfəyə yaxın azalması nəticəsində tranzit gəlirlərindən məhrum olmadan qeydə alınacaq. Belə ki, ötən il TürkAxını ilə Macarıstan, Slovakiya və Serbiyaya 17 milyard kubmetrə yaxın Rusiya qazı çatdırılıb. Bu ilin əvvəlindən kəmərlə gündəlik nəql tam gücünə çataraq 55 milyon kubmetrə bərabər olub. 2026-cı ilin əvvəlindən bəri bu marşrutla qaz təchizatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,83 faiz artıb və 1,9 milyard kubmetr təşkil edib.
Aİ-nin qərarı qüvvəyə mindikdən sonra ən yaxşı halda ildə 2,2-2,5 milyardlıq nəql mümkün olacaq. Bu isə milyardlarla dollar tranzit haqqının itirilməsi deməkdir.

Digər tərəfdən, Aİ-nin nəzarət mexanizmi Türkiyənin Rusiya qazını alaraq Avropaya satmaq planlarının üstündən xətt çəkir. Məlumdur ki, son 3 ildə Türkiyə əsasən Rusiya qazına arxalanmaqla regional qaz mərkəzinə çevrilmək üçün iri yatırımlar həyata keçirib: yeraltı anbarların tutumu iki dəfədən çox artırılıb, maye qaz terminalları yaradılıb və sair. Lakin Aİ-nin son qərarı Rusiya qazının Türkiyə vasitəsilə də ittifaq ərazisinə çatdırılmasını istisna edir. Bu isə Türkiyənin qaz habı layihəsinin böyük ölçüdə gündəmdən çıxması deməkdir.

Qərarın Azərbaycan üçün hər hansı problem yaradacağı gözlənilmir. Çünki Azərbaycanda qaz hasilatı və ixracı beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilir. Bu sahədə çox ciddi şəffaflıq tələbləri var və onlara tam əməl olunur. Azərbaycan Avropaya çatdırdığı qazın hər kubmetrinin mənşəyini rahatlıqla təsdiqləyə biləcək. Bu baxımdan, ölkəmiz üçün ciddi bir mənfi nəticəni gözləmək doğru olmazdı.

Türkiyəninsə tranzit haqqından itirəcəyi məbləği Avropa bazarından tam çıxarılan Rusiyadan alacağı qaza görə endirim əldə etmək imkanı qazanmaqla qismən də kompensasiya etməsi mümkün ola bilər. Ötən il Rusiya Avropaya maye və boru qazı olaraq 35 milyard kubmetrdən çox qaz satıb. Bu həcmin qısa müddətdə başqa bazarlara yönəldilməsi mümkünsüzdür. Çünki digər bazarlar da doymuş vəziyyətdədir. Bu baxımdan, Türkiyə Rusiyadan aldığı və illik həcmi 21 milyard kubmetrə qədər azalan qaza görə ciddi qiymət endiriminə nail ola bilər. Türkiyənin 2025-ci ildə ümumi təbii qaz istehlakının təxminən 60-61 milyard kubmetr olduğu bildirilir. Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) ölkənin bu il üçün təbii qaz istehlakı proqnozunu müəyyən edib. Buna uyğun olaraq, 2026-cı il üçün təxmin edilən təbii qaz istehlakı 58 milyard 511 milyon 978 min 267 standart kubmetrdir. Türkiyədə qazın əsas itehlakçısı əhalidir. Əhlinin 80 faizi qazla təchiz olunub. Qara dəniuzdəki Sakarya yatağından gündə 9 milyon kubmetr qaz hasil olunur ki, bu da 4 milyon ev təsərrüfatının təminatına imkan verir. Qalan təchizat idxal hesabına həyata keçirilir. Hələlik idxalda Rusiya birinci yerdədir, lakin onun payı sürətlə azaldılır. /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər