“İqtisadiyyatımızda, dolanışığımızda eninə-boluna “en” sayda problemlər olsa da, deməliyik ki, Musa müəllim, insan(!) həyatı yalnız maddi göstəricilərlə ölçülmür...”
-3 CÜMLƏ İLƏ BİR “QUŞ” ...-
“Bəli, bu gün çörək növbəsində durmadığımıza görə sevinməliyik...” –bu “möhtəşəm” fikrin müəllifi Milli(!) Məclisdəki mandat sahiblərindən biri olan hörmətli Musa Quliyevdir...
İqtisadiyyatımızda, dolanışığımızda eninə-boluna “en” sayda problemlər olsa da, deməliyik ki, Musa müəllim, insan(!) həyatı yalnız maddi göstəricilərlə ölçülmür və məgər son 35 ildə müstəqil(!) dövlətimizin uğurunu yalnız çörək növbələrinin ləğvində görürsüz?..
İnsanı heyvandan fərqləndirən ruhi-mənəvi atributlar olduğundan bəndənizdə deyir ki, kaş yenə çörək növbəsinə duraydıq, amma əxlaqsız qadınlar, “kişi” simalılar, korrupsionerlər, yəni “xalq artisti” adlarına layiq görülmüş lütlənən müğənnilər, telekanallardan bizə əxlaq dərsi keçən homo...lar, villa dustaqlığı keçirən keçmiş talançı, dələduz, saxtakar, quldur administrasiya rəhbərləri, nazirlər, yalnız bir oğlu xaricdə 40 villa alan icra başçıları, işgəncəbaz, korrupsioner generallar və s. meydan sulamazdı...
P.S. Tanıyanlar, o cümlədən qəzetlərdə, saytlarda gedən yazılarımızı, az qala, mikroskopla izləyən çox hörmətli oxucular da yaxşı bilir ki, bu sətirlərin müəllifi tələbə olduğu illərdən, o cümlədən Musa Quliyevin xatırlatdığı 1990-cı illərdə də hakimiyyətlərə qarşı tənqidi mövqedə olub. Bunu o dövrkü mətbuatdakı çıxışlarım, müsahibələrim də sübut edir. Bəli, o illərdə də nöqsanlar çox idi. Amma nəzərə alaq ki, o zaman müstəqilliyi yenicə bərpa edilmiş dövlətimiz 4-5 aylıq körpə timsalında hələ iməkləyirdi. Hələ büdcəyə neft-qaz gəlirləri axmırdı... Və ən əsası, bir yandan hüquqi müstəqillik əldə etdiyimiz Rusiya imperiyası, digər yandan onun dəstək verdiyi Ermənistan sinəmizə çöküb torpaqlarımızı işğal edirdi... Odur ki, 1990-cı illərlə Azərbaycan iqtisadiyyatının inkişaf etmiş sayıldığı indiki dövrlə müqayisə etmək qətiyyən doğru və məntiqli deyil. Və ən başlıcası, o günlərdə çörək növbələrinə dursaq da, əti-yağı çətinliklə alsaq da, yəni çörək, ət, yağ və s. çatışmazlığı olsa da, öncə dediyim kimi, vicdan, insaf, namus, qeyrət çatışmazlığı yox idi...
Sultan Laçın