Pensiya alanlara ŞAD XƏBƏR: Artırılacaq!
İqtisadiyyat
512
27 Jan 2026 | 23:59

Pensiya alanlara ŞAD XƏBƏR: Artırılacaq!

“Əmək pensiyaları” haqqında qanuna əsasən, təkcə əmək pensiyalarının deyil, eyni zamanda vətəndaşların pensiya kapitallarının da hər il indeksləşdirilərək artırılması nəzərdə tutulur. Qanunun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu mexanizm pensiya yığımlarının inflyasiyanın təsirindən qorunmasına xidmət edir.

Mövzu ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, 2025-ci ildə illik inflyasiya 5,6 faiz təşkil edib. Bu isə o deməkdir ki, vətəndaşların 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları həmin faiz nisbətində indeksləşdiriləcək. Deputatın sözlərinə görə, əgər vətəndaşın pensiya kapitalı 40 min manatdırsa, bu məbləğə 2 min 240 manat əlavə olunacaq və nəticədə pensiya kapitalı 42 min 240 manata çatacaq. Gözlənilir ki, pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı müvafiq sərəncam yaxın vaxtlarda Prezident tərəfindən imzalanacaq və 2026-cı il yanvarın 1-dək formalaşmış pensiya kapitalı məbləğləri rəsmi şəkildə indeksləşdiriləcək.

Qeyd olunur ki, pensiya kapitalının indeksləşdirilməsi ilə əmək pensiyalarının artırılması eyni anlayış deyil. Pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun artırıldığı halda, əmək pensiyalarının artımı əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə əsaslanır. Bu baxımdan, pensiya kapitalında artım 5,6 faiz təşkil etsə də, əmək pensiyalarının 2026-cı ildə təxminən 9,2 faiz artırılması gözlənilir.

 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya kapitalının indeksləşdirilməsi sosial baxımdan mühüm və zəruri mexanizmdir.

Onun sözlərinə görə, inflyasiya şəraitində yığılan vəsaitlərin real dəyərinin qorunması üçün belə indeksasiya mexanizmi qaçılmazdır:

“Əgər pensiya kapitalı indeksləşdirilməsə, illər ərzində yığılan vəsait inflyasiya nəticəsində dəyərdən düşər. Bu mexanizm vətəndaşların gələcək pensiya hüquqlarının real iqtisadi dəyərini qorumağa xidmət edir”.

Akif Nəsirli vurğulayıb ki, pensiya kapitalı ilə əmək pensiyalarının artımı arasındakı fərq cəmiyyətdə bəzən düzgün başa düşülmür:

“Pensiya kapitalının indeksləşdirilməsi daha çox texniki və qoruyucu xarakter daşıyır, əmək pensiyalarının artırılması isə birbaşa vətəndaşların aylıq gəlirlərinə təsir edən sosial qərardır. Əmək pensiyalarının orta aylıq əməkhaqqının artım tempindən daha yüksək faizlə indeksləşdirilməsi pensiyaçıların sosial rifahının qorunması baxımından müsbət addımdır. Həm pensiya kapitalının inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi, həm də əmək pensiyalarının daha yüksək faizlə artırılması sosial siyasətin balanslaşdırılmış şəkildə aparıldığını göstərir və uzunmüddətli dövrdə pensiya sisteminə olan etimadı gücləndirir”.

Link kopyalandı!
Son xəbərlər