Professordan iqtisadi artım və inkişaf tempi üçün inanılmaz təklif
İqtisadiyyat
367
27 Jan 2026 | 21:37

Professordan iqtisadi artım və inkişaf tempi üçün inanılmaz təklif

Professor, iqtisad elmləri doktoru Saleh Məmmədov maraqlı statistik təhlilini təqdim edib. 

Moderator.az təhlili təqdim edir:

“Bu cədvəl statistika komitəsinin illik hesabatından necə var, elə də köçürülmüşdür. İstehsalın əsas artım mənbəyi olan bütün maliyyə mənbələri üzrə Əsas kapitala investisiyaların artımı səviyyəsini göstərir. 2025-ci ildə iqtisadi artım 3.5% nəzərdə tutulmuşdur, amma heç bir proqnoz yerinə yetirilməmişdir, iqtisadi artım cəmi 1.4% təşkil etmişdir, amma əsas kapitala investisiyalar 5.6% azalmışdır, o cümlədən – büdcə hesabına -10%, müəssisələrin şəxsi vəsaitləri hesabına 1%, digər mənbəələr hesabına, o cümlədən kreditlər – 11% azalmışdır.

Bu minvalla əsas kapitala qoyuluşların həcmi cəmi 21 milyard manat təşkil etmişdir ki, bu da ümumi daxili məhsulun 16%-ni təşkil etmişdir. Azərbaycan tarixində bu rəqəm heç vaxt bu səviyyəyə düşməmişdir (hətta Əfqanıstandan da aşağı). Çində bu rəqəm 45% olmuşdur. Qonşu ölkələrdə-30%-in üzərindədir. Bunun nəticəsidir ki, yeni yaradılan işçi yerlərinin sayı ciddi surətdə azaldılmış, iqtisadi artım çox cüzi, planda nəzərdə tutulduğundan 2.5 dəfə az olmuşdur. (2019-cu ildə 190 min olduğu halda 2025-ci ildə cəmi 92 min iş yeri).

Heç kim düşünməsin ki, pul qıtlığından belə fərq alınmışdır. Yox qətiyyən, toplam bu il hökümətin toplu büdcəsində 20 milyard manatdan çox artıqlıq alınmış və bu pullar strateji valyuta ehtiyyatlarına yerləşdirilmişdir. Strateji valyuta ehtiyyatlarının hamısı xarici banklarda və müxtəlif investisiyalara yatırılmışdır.

Deməli, ölkə daxili pul-maliyyə bazarı qurulanmış, kəskin pul-investisiya qıtlığı yaranmışdır. 2026-cı ildə büdcədən maliyyələşmə məhdudlaşdırılmış, vergilər ciddi artırılmışdır ki, bu müəssisələrin xüsusi vəsaitlərini kəskin surətdə azaldacaq, pul qıtlığı kredit faizlərini artırmalıdır ki, bu da kredit mənbəələrini xeyli məhdudlaşdıracaq. Xaricdən kapital da xeyli azalmışdır. Son 3-4 ildir ki, ölkədən kapotal qaçışı başlayıb, ölkədən çıxan birbaşa xarici investisiyalar (outflow of FDI) ölkəyə gələni (inflow of FDI) 5-6 dəfə üstələyir. Ciddi və təhlükəli meyl formalaşır. Hesab edirəm ki, ciddi islahatlara ehtiyac var.

Bu ölkənin dinamik inkişafı üçün ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdır, bu qədər ehtiyyatlar, maliyyə təhlükəsizlik yastığı tək-tək və yalnız inkişaf etmiş ölkələrdə var. Kapital qoymağa (trilyonlarla) obyekt var, ehtiyac var, həm də resurs var. Mən Süni intellektin köməyi ilə bir riyazi model qurdum və proqramdan 2050-ci il üçün proqnoz kodu təqdim etdim. Son on ilin iqtisadi təcrübəsi ilə davam etsək (əsas amillər nəzərə alınmışdır), 2050-ci ilə ÜDM-in həcmi 60 milyard manata düşməsi gözlənilir (2025-ci il -129 milyard manat olmuşdur). O zaman proqrama başqa şərt kodu yerləşdirdim: Əsas kapitala investisiyaların ÜDM-də payı 50%-dən aşağı düşməyəcək (məsələn Çin, Cənubi Koreya, Sinqapur kimi).

Yaradıcı ölkələrin hamısında belə siyasət yeridilir, bizim kimi istehlakçı ölkələrdə isə tam tərsinə ÜDM-nin 10-20%-i yenidən istehsala yönəldilir. Belə bir şərtlə model Azərbaycanın adambaşına düşən ümumi daxili məhsula görə dünyadan ilk beşliyə çıxa biləcəyini və ÜDM həcminin 1.4 trilyon dollara çatacağını və ya bü günkü kursla 3.3 trilyon manata çata biləcəyini proqnozlaşdırdı. Bu tam real proqnozdu, mən də yanılsam, Süni intellekt bu səviyyədə yanıla bilməz. İstənilən mütəxəssis bu modeli özü də qurub nəticələri təhlil edə bilər.

Sinqapur 2 milyon dollarla islahata başladı, indi trilyonlara sərəncam verir, dünyada inkişaf səviyyəsinə görə top 5-likdədir. Azərbaycanın 200 milyardı hazırdı, belə nailiyyəti niyə qazanmasın? Bu ölkə iqtidarlı-müxalifətli hamımızındı, bu hökümət bu qədər işlər gördü, torpaqlar azad olundu, müstəqil, dünya miqyasında xüsusi yeri olan bir ölkəyə çevrildi: qarşımızda iki yol var: ya köhnə sistemlə çalışıb, naməlum qaranlığa gedəcəyik, ya dərin islahatlarla dünya birinciliyinə qalxacağıq. Unutmayaq bizdən dörd dəfə çox – tarix boyu əsarətdə inləyən doğmalarımız gözü bizdədir, onlar kömək gözləyir. Tarix bir də belə şans verməyəcək!”.

Link kopyalandı!
Son xəbərlər