Ekspert deyir ki, artıq Çindən yeni avtomobilləri “işlənmiş avtomobil” adı ilə alıb digər ölkələrə ixrac etmək mümkün deyil, çünki...
Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıların da, satıcıların da diqqət mərkəzindədir. Xüsusilə 30 min manata qədər olan avtomobillərin dəyərində 1500-3000 manat arası bahalaşma qeydə alınır. Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir. Yada salaq ki, ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddətinin 1 yanvar tarixindən etibarən başa çatması avtomobillərin qiymətinə birbaşa təsir göstərməyə başlayıb. Bundan başqa, idxal yolu ilə ölkəyə gətirilən avtomobillərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub. Belə ki, Çində dövlət qeydiyyat nişanı alan avtomobil, hətta sıfır kilometrajlı olsa belə, artıq ikinci əl avtomobil hesab olunur və həmin avtomobilin ölkədən çıxarılmasına yalnız 6 ay sonra icazə verilir. Halbuki əvvəllər Azərbaycana Çində qeydiyyata alınmış, lakin istifadə olunmamış, sıfır yürüşlü avtomobillər gətirilirdi. Bundan əlavə, Çin avtomobillərində problemlərin artması da alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.
Mövcud vəziyyət bazarda tələbin yenidən formalaşmasına, bəzi marka və modellərə marağın kəskin artmasına səbəb olub. Bu isə istər yerli bazardakı avtomobillərin, istərsə də xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətlərində fərqli tendensiyaların yaranması ilə müşayiət olunur.
Yeri gəlmişkən, son illərdə Çindən Azərbaycana avtomobil idxalı xeyli artmışdı və Çin istehsalı maşınlar bazarda artıq adi hala çevrilmişdi. Bunun əsas səbəbi bu avtomobillərin qiymət baxımından daha əlçatan olması, eyni zamanda müasir dizayn və texnologiyalar təklif etməsi idi. Xüsusilə yeni və az sürülmüş avtomobil axtaran alıcılar Çin markalarına daha çox maraq göstərirdilər. Azərbaycana əsasən Çin istehsalı minik avtomobilləri, xüsusilə sedan, krossover və SUV modelləri gətirilir. BYD markası daha çox elektrik və hibrid avtomobilləri ilə seçilir və bu modellər yanacaq qənaətinə görə üstünlük qazanır. "Changan" və "Geely" markaları münasib qiymətə geniş təchizatlı sedan və krossoverlər təklif etdiyi üçün geniş istifadəçi kütləsinə xitab edir. "Haval" və "Great Wall" modelləri isə iri ölçülü SUV seqmentində daha çox gətirilir. Chery markası da "Tiggo" seriyası ilə bazarda tez-tez rast gəlinən avtomobillər sırasındadır.
Çin avtomobillərinin Azərbaycanda populyarlaşmasının digər səbəbi ehtiyat hissələrinin nisbətən ucuz olması və servis şəbəkəsinin getdikcə genişlənməsidir. Bundan əlavə, elektrik və hibrid avtomobillərə verilən maraq Çin istehsalı modellərin idxalını daha da artırır. Nəticə etibarilə, hazırda Azərbaycana Çindən əsasən BYD, "Changan", "Geely", "Haval" və "Chery" markalarına məxsus, yeni nəsil, texnologiyalı və münasib qiymətli avtomobillər gətirilir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Avtomobillərin gömrük xərclərində hər hansı dəyişiklik olmayıb. Dəyişiklik vergidə baş verib. Bildiyiniz kimi, ölkəyə idxal olunan elektromobillər və hibrid avtomobillər əlavə dəyər vergisindən azad edilmişdi. Bu azadolmanın qüvvədə olma müddəti bu ilin yanvar ayının 1-dən başa çatıb və buna görə də artıq ölkəyə gətirilən və daxildə satılan bu tip avtomobillərdən əlavə dəyər vergisi tutulur. Eyni zamanda Çinin öz qanunvericiliyində də dəyişiklik edilib. Artıq əvvəlki kimi Çindən yeni avtomobilləri "işlənmiş avtomobil" adı ilə alıb digər ölkələrə ixrac etmək mümkün deyil. Qanunvericiliyə əsasən, istehsalçıdan alınan avtomobil minimum altı ay Çin Xalq Respublikasında saxlanılmalıdır, yalnız bundan sonra ölkədən çıxarıla bilər. Bu səbəblər isə təbii olaraq Çində istehsal olunan avtomobillərin ixrac qiymətlərinin artmasına gətirib çıxarır".
Ekspert qeyd edib ki, dörd il müddətində hibrid avtomobillərdən əlavə dəyər vergisi tutulmurdu: “İndi isə bu müddət başa çatdığı üçün həmin avtomobillər artıq yeni vergi şərtləri ilə satılmağa başlayıb. Söhbət bizim ölkədən gedir. Ümumilikdə ölkəmizdə hibrid və elektromobillərə güzəştlər tətbiq olunur. Buna görə də qiymətlər həm sahibkarlar, həm də fərdi şəxslər üçün daha əlçatandır və bu tip avtomobillərin idxalı iqtisadi baxımdan sərfəlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, dizel və benzin mühərrikli avtomobillər üzrə mühərrik həcminə görə tətbiq olunan aksiz dərəcələri də artırılıb. Bu da bazarda struktur dəyişikliklərinə səbəb olur. Nəticədə həm sahibkarlar, həm də alıcılar nisbətən yeni avtomobillərin alınmasına və ölkəyə gətirilməsinə daha çox maraq göstərirlər. Bu prosesin nəticəsi olaraq, 2019-2026-cı illərdə istehsal olunmuş avtomobillərin ölkəyə idxalının və daxili bazarda satışının artacağını müşahidə edəcəyik. Yəni artıq Çindən istehsalçı zəmanəti olan, zavod tərəfindən rəsmi zəmanət verilən yeni avtomobilləri gətirmək mümkündür. Zəmanətsiz yeni avtomobillərin Çindən gətirilməsi isə çətindir. Təbii ki, zəmanətli avtomobilləri istehsalçı, yəni zavod daha baha qiymətə təqdim edir”.