SOCAR “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı - FOTO
İqtisadiyyat
173
10:57, Bu gün

SOCAR “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı - FOTO

Dövlət Neft Şirkəti (SOCAR) Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınması ilə bağlı “Eni S.p.A.” şirkəti ilə saziş imzalayıb.
 
SOCAR-dan Moderator.az-a verilən məlumata görə, sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.
 
Sazişin icrası və əməliyyatın yekunlaşması müvafiq tənzimləyici qurumlardan razılıqların alınmasından, eləcə də digər standart şərt və tələblərin yerinə yetirilməsindən asılıdır.
 
Qeyd edək ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
 
Hazırda “Baleine” yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5,7 milyon kubmetr qaza çatdırılması nəzərdə tutulur.
 
Əlavə olaraq bildirək ki, “Baleine” Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir.
Link kopyalandı!
Son xəbərlər