Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2024-cü ilin yekunları üzrə "KPMG Audit Azərbaycan" MMC tərəfindən audit olunaraq təsdiq edilmiş maliyyə hesabatlarını açıqlayıb.
Moderator.az xəbər verir ki, açıqlanan maliyyə hesabatlarına əsasən Fondun gəlirləri 194 milyon 642,092 min manat, xərcləri isə 8 milyon 463,198 min manat təşkil edib və ƏSF ili 186 milyon 178,894 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edilib ki, 2023-cü il üzrə Fondun gəlirləri 179 milyon 334,085 min manat, xərcləri 249 milyon 703,950 min manat, xalis zərəri isə 70 milyon 369,865 min manat təşkil edib ki, burada 2023-cü il ərzində müflis elan edilmiş 2 bank üzrə yaranmış 240 milyon 135,963 min manat kompensasiya xərci əsas təsiredici amil olub.
2024-cü il ərzində ƏSF-in gəlirlərinin 42 %-i (81 milyon 846,164 min manat) təqvim haqqı gəlirləri hesabına, 56 %-i (105 milyon 948,612 min manat) isə reqres yığımlar hesabına formalaşıb.
Bildirilir ki, müvafiq göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 7 % (5 milyon 405,776 min manat) və 12 % (11 milyon 390,785 min manat) artıb. Fondun ümumi gəlirləri 9 % artsa da, onun kompensasiya xərcləri istisna olmaqla digər əməliyyat və inzibati xərcləri 9 milyon 567,987 min manatdan 8 milyon 309,938 min manatadək, yəni 13 % azalıb. Bu da öz növbəsində ƏSF-in aktivləri üzrə hesablanmış mümkün kredit itkilərinin kəskin azalmasından qaynaqlanıb.
Fondun Maliyyə vəziyyəti haqqında hesabata nəzər yetirdikdə onun aktivlərinin 599 milyon 655,906 min manat, öhdəliklərinin isə 210 milyon 453,541 min manat təşkil etdiyi görünür. Halbuki 2023-cü ildə müvafiq göstəricilər 651 milyon 397,773 min manat və 448 milyon 374,302 min manat təşkil edibr. Təhlil zamanı aktivlərin həcminin 8 % (51 milyon 741,867 min manat), öhdəliklərin həcminin isə 53 % (237 milyon 920,761 min manat) azalması müşahidə olunur.
Nağd vəsaitlərdə azalma 72 % (47 milyon 828,147 min manat) olsa da, ƏSF-in investisiya portfelinin həcmi 50 % (28 milyon 865,790 min manat) artıb. Fondun kompensasiya öhdəliklərinin 86 % azalaraq 200 milyon 302,385 min manatdan 27 milyon 568,085 min manata, uzunmüddətli öhdəliklərinin isə 27 % azalaraq 247,5 milyon manatdan 180 milyon manata düşdüyü müşahidə olunur.
"Təhlillər göstərir ki, Fond 2024-cü il ərzində konservativ maliyyə nəzarəti həyata keçirib, gəlirlərin artımı tendensiyası şəraitində xərclərini azaltmağa nail olub. Habelə, əldə edilən vəsait öhdəliklərin azaldılması və investisiya portfelinin artımına sərf edilməklə borcun kapitala nisbəti göstəricisi 4 dəfə yaxşılaşdırılıb, Fondun gəlir istiqamətlərinin şaxələndirilməsi davam etdirilib", - məlumatda deyilir.