Azərbaycanda evlər Avropa qiymətinə - SƏBƏB
İqtisadiyyat
157
14:00, Bu gün

Azərbaycanda evlər Avropa qiymətinə - SƏBƏB

Son illərdə Azərbaycanda əmlak bazarında kəskin qiymət artımı müşahidə olunur. Həm yeni tikililərin, həm də fərdi evlərin qiymətləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Ölkədə mənzil qiymətləri artıq Avropa səviyyəsinə çatıb. Bu vəziyyət yalnız əmlak bazarına təsir göstərmir, həm də vətəndaşların gündəlik həyatına, gənc ailələrin ev sahibi olma imkanlarına və ailə büdcəsinə birbaşa təsir edir. 2025-ci il ərzində əmlak bazarında ciddi “çiçəklənmə” dövrü müşahidə olundu.
 
Tələb təklifi üstələdi və nəticədə qiymət artımı baş verdi. Ümumiyyətlə, son bir neçə ildir ki, əmlak qiymətlərində davamlı artım qeydə alınır ki, bu da tələbatın yüksək olması ilə birbaşa bağlıdır. Əsas qiymət artımı ipotekaya yararlı, çıxarışı olan yeni tikililərdə, eləcə də sovet dövründə inşa edilmiş doqquz mərtəbəli binalarda müşahidə olunur. İstər yerli, istərsə də xarici investorlar Azərbaycan əmlak bazarına böyük maraq göstərirlər. Burada kirayə faktoru da mühüm rol oynayır.
 
Azərbaycanda mənzillərin qiymətləri niyə Avropa səviyyəsinə çatıb?
 
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Son vaxtlar mənzil bazarında baş verən bahalaşmanın səbəbləri müxtəlifdir. Təkcə kirayə bazarındakı canlanma deyil, Bakının müxtəlif ərazilərində aparılan söküntü işləri də qiymətlərə ciddi təsir göstərir. Söküntü zamanı vətəndaşlara ödənilən kompensasiyalar yeni mənzillərin alınmasına yönəlir və bu, bazarda əlavə tələbat yaradır. Xüsusilə iri sahəli evlərin sökülməsi zamanı alınan vəsait bir neçə ailə üzvü arasında bölünərək bir neçə mənzilin alınmasına səbəb olur ki, bu da bazarda gərginliyi artırır".
 
İqtisadçı vurğulayıb ki, xaricdə yaşayan soydaşlarımızın Bakıda mənzil alması da qiymət artımını stimullaşdırır: "Ancaq mövcud qiymətlər bazarın real imkanlarını əks etdirmir və bu artımın uzunmüddətli davam etməsi real görünmür. Yaxın dövrdə qiymətlərin ən azı artım tempinin dayanacağı gözlənilir”.
 
Link kopyalandı!
Son xəbərlər