Bakıda ucuz mənzil necə almaq olar?
İqtisadiyyat
1025
11:44, Bu gün

Bakıda ucuz mənzil necə almaq olar?

Son illər Bakıda daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması fonunda vətəndaşlar daha münasib qiymətə mənzil almaq yollarını axtarır. Bəzən şəhərin mərkəzində, həm köhnə, həm də yeni tikililərdə bazar qiymətindən xeyli aşağı təklif olunan evlər diqqət çəkir. Bu tip mənzillərin bir qismi hərrac yolu ilə satışa çıxarılan əmlaklar olur.   
Bu barədə Moderator.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, cəmiyyətdə bu tip əmlaklara qarşı ehtiyatlı münasibət mövcuddur: 
 
“Bunun səbəbi həmin mənzillərin adətən kiminsə borc öhdəlikləri və ya əmlakının müsadirəsi nəticəsində satışa çıxarılması ilə bağlı formalaşmış yanaşmalardır. Uzun müddət vətəndaşlar hərrac yolu ilə əmlak almağa o qədər də meyilli olmayıblar. Lakin son illərdə daşınmaz əmlakın yalnız yaşayış məqsədilə deyil, eyni zamanda biznes və investisiya aləti kimi dəyərləndirilməsi bu sahəyə marağı artırıb. Xüsusilə sahibkarlar hərracdan aldıqları əmlaklarda təmir işləri apararaq onları kirayə, obyektdirsə, icarəyə verməklə ciddi gəlir əldə edirlər. Bu baxımdan hərrac artıq əvvəlki kimi arzuolunmaz istiqamət hesab edilmir və hazırda hərracda olan əmlaklara kifayət qədər tələbat mövcuddur. Hərracda satılan əmlaklar satışdan əvvəl  sahiblərindən alınaraq müvafiq dövlət qurumlarının mülkiyyətinə keçirilir. Yalnız bundan sonra hərraca çıxarılır və yeni sahibinə satılır. Hərrac yolu ilə satılan mənzillərin sonradan hüquqi problem yaratması mümkün deyil.  Hərrac yolu ilə satılan əmlaklar üzrə ipoteka və bank kreditləri  tətbiq edilmir. Çünki ipoteka kreditləri vətəndaşların könüllü müraciəti əsasında yeni bazardan alınan və bankla razılaşdırılmış əmlaklara şamil olunur. Hərrac əmlaklarında isə ödənişlər əsasən nağd şəkildə həyata keçirilir və iştirakçılar hərracda müəyyən ödənişlər etməlidirlər. İlkin ödənişdən sonra hərrac keçirilir. Hərracda qalib gələn iştirakçı həmin məbləği ödəyir və əmlakın sahibi olur. Vətəndaş istəsə, müstəqil şəkildə bankdan kredit götürərək hərracda iştirak edə bilər. Lakin praktikada bankların hərrac məqsədilə əmlak almaq üçün kredit ayırması təcrübəsi yoxdur”.
 
Vüqar Oruc vurğulayıb ki, əmlak gəlir gətirmə potensialına malikdirdir:
 
 “Hər il artan qiymətlər fonunda onun dəyəri artır. Bu baxımdan, bank depozitində saxlanılan vətəndaş vəsaitinin gəliri ilə müqayisədə, bir əmlakı bir il saxlayaraq daha yüksək gəlir əldə etmək mümkündür. Nəticədə, həm hərrac yolu ilə, həm də ənənəvi yollarla alınan əmlaklar hazırda sərfəli hesab olunur. Onların saxlanılması, icarəyə verilməsi və ya kirayəyə çıxarılması vətəndaşlar üçün əlverişli və mənfəətlidir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər