Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası çərçivəsində qurumun 17-ci sessiyasının prezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələr təqdim edilib.
Energetika Nazirliyindən Moderator.az-a verilən məlumata görə, coğrafi təmsilçilik və rotasiya qaydasına uyğun olaraq, assambleyanın 17-ci sessiyasına sədrlik üçün Asiya və Sakit Okean regional qrupu üzrə Koreya Respublikasının namizədliyi təsdiqlənib.
Bildirilib ki, assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupun hər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlər vəzifəsinə Avropa regional qrupundan Azərbaycanın, Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okean regional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karib dənizi regional qrupundan Qrenadanın namizədliyi təqdim edilib.
Qeyd edək ki, assambleyanın 17-ci sessiyası 2027-ci ildə keçiriləcək.