“Venesuela nefti bazarlarda ŞOK effekti yarada bilər” - MÜHÜM açıqlama
İqtisadiyyat
1376
05 Jan 2026 | 14:34

“Venesuela nefti bazarlarda ŞOK effekti yarada bilər” - MÜHÜM açıqlama

Dünyanın əsas neft istehsalçılarından biri olan Venesuelada baş verən son siyasi və iqtisadi proseslər qlobal neft bazarında qeyri-müəyyənliyi artırır. Neft hasilatı və ixracında yaranan risklər dünya bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu proseslərdən neft ixracatçısı olan Azərbaycan da kənarda qalmır. Qlobal təklif-tələb balansındakı dəyişikliklər, qiymət dalğalanmaları və geosiyasi risklər ölkəmizin neft gəlirləri, ixrac imkanları və iqtisadi planlaşdırmasına birbaşa və dolayı təsir göstərə bilər.

Qlobal bazarda neft təklifi və tələb balansı şəraitində Venesueladakı pozuntular Azərbaycan neftinə (“Azeri Light”) təsir göstərə bilərmi? Venesueladakı vəziyyətin regional enerji siyasətinə təsiri necə qiymətləndirilir və Azərbaycanın həm Avropa, həm də Asiya neft bazarlarında mövqeyi bundan necə təsirlənə bilər?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Venesuela neftinin ağır neft olması, tərkibində digər elementlərin mövcudluğu nəticə etibarilə bu neftin digər markalardan, xüsusilə də “Brent” və “Azeri Light” markalı neftlərdən 8–12 dollar, bəzi hallarda isə 15–20 dollar həcmində daha aşağı qiymətə satılmasına səbəb olur.

Digər tərəfdən, Venesuelada ABŞ investisiyası hətta bu gün böyük ölçüdə həyata keçirilsə belə, 2026-cı ildə ölkədə neft hasilatının bazarlara ciddi təsir edəcək həcmdə artırılması mümkün deyil. Bunun əsas səbəbi infrastrukturun bərbad vəziyyətdə olmasıdır. Quyular istismar üçün əlverişli deyil, hasilat istiqamətində ciddi problemlər mövcuddur, nasos və kompressor stansiyaları kimi texnoloji avadanlıqlar köhnəlib. Sanksiyalar isə uzun müddət bu avadanlıqların yenilənməsinə imkan verməyib”.

İqtisadçı əlavə edib ki, hazırda ABŞ nə qədər investisiya yatırmağa başlasa belə, neft sektorunda bütün proseslər zaman tələb edir:

“Xüsusilə də, quyuların bərpası və istismara tam yararlı hala gətirilməsi uzunmüddətli prosesdir. Bu baxımdan, 2026-cı ildə Venesuela nefti bazara çıxarılsa belə, ilkin mərhələdə yüksək həcmdə hasilat mümkün olmayacaq və bu da bazarlara real təsir göstərməyəcək”.

Eldəniz Əmirov qeyd edib ki, 2027-ci ildə isə bu amillər qlobal bazarlarda neft qiymətlərinə 5–7 dollar həcmində mənfi təsir göstərə bilər:

“Sonrakı illərdə gündəlik hasilatın mərhələli şəkildə 3 milyon barelə qədər artırılması mümkündür. Bu həcmdə neftin bazarlara yönəlməsi isə təbii ki, şok effekti yaradacaq. Nəzərə alsaq ki, bir neçə il sonra İran neftinin də yenidən bazara çıxarılması ilə bağlı müəyyən gözləntilər mövcuddur. Bütün bu faktorlar fonunda neft qiymətləri ilə bağlı perspektivdə yaxşı heç nə gözlənilmir”.

Link kopyalandı!
Son xəbərlər