Bizi sosial şəbəkələrdən izləyin:
Rəqəmsal ödənişlərin artması ilə kartdan-karta köçürmələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən diqqətsizlik ucbatından kart nömrəsinin səhv yazılması və pulun başqa şəxsə köçürülməsi halları baş verir.
Vətəndaş səhvən başqa bir şəxsin kartına pul köçürərsə, ilk olaraq hansı addımları atmalıdır? Bank bu halda əməliyyatı ləğv etmək və ya pulu geri qaytarmaq səlahiyyətinə malikdirmi?
Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, vətəndaşlara rəqəmsal texnologiyaların geniş tətbiq olunduğu həm ödəniş sistemlərindən, həm də ticarət münasibətlərinin yaratdığı imkanlardan faydalanmaqla yanaşı, bu platformalarda daha diqqətli olmaları və rəqəmsal bacarıqlarını daim təkmilləşdirmələri tövsiyə olunur:
“Bu, ilk növbədə mümkün risklərin qarşısının alınmasına xidmət edir. Hər hansı səbəbdən yanlış kartdan-karta köçürmə baş verərsə, vətəndaş bunu fərq etdiyi anda dərhal əməkdaşlıq etdiyi banka müraciət etməlidir. Bank qanunvericilik çərçivəsində həmin tranzaksiyanın geri qaytarılması istiqamətində müəyyən addımlar atmaq səlahiyyətinə malikdir. Lakin bu proses həmişə mümkün olmaya bilər. Məsələn, vətəndaş əhəmiyyətli məbləğdə yanlış köçürmə edib. Qarşı tərəfin isə həmin vəsaitə ciddi ehtiyacı var və mənbəyindən asılı olmayaraq, bilmədən və ya bilərəkdən pulu dərhal nağdlaşdırıb xərcləyir. Bu zaman bankın tranzaksiyanın geri qaytarılması ilə bağlı tələbi icra etmək üçün faktiki mənbə aradan qalxır, yəni hesabda vəsait qalmır. Belə hallarda bank müvafiq əməliyyatı icra edə bilmir və məsələ artıq hüquqi müstəviyə daşınır. Bu zaman vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Ödənişi təsdiqləyən sənədlər — elektron qaimələr, qəbzlər və bank çıxarışları məhkəmə prosesinin başlanması üçün əsas sübut kimi çıxış edir”.
Mehin Mehmanqızı