“2025-ci ildə Azərbaycanın xarici borcu 18 faiz azalıb” – İqtisadçı
İqtisadiyyat
195
11:51, Bu gün

“2025-ci ildə Azərbaycanın xarici borcu 18 faiz azalıb” – İqtisadçı

“Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri də xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi”.
 
Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov sosial şəbəkədəki paylaşımında yazıb.
 
Millət vəkili bildirir ki, xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur: “Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir. Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, Azərbaycanın xarici borcu cəmi 5.299 milyard dollardır. Son bir il ərzində Azərbaycanın xarici borcu 1.162 milyard dollar və ya 18 faiz azalıb”.
 
İqtisadçının sözlərinə görə, ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir: “Eyni zamanda, Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malik olan dövlətlərdəndir. Xarici borcun ÜDM-də payı Qırğızıstanda 74, Özbəkistanda 55, Qazaxıstanda 54, Belarusda 50, Gürcüstanda isə 32 faizdir. Bununla yanaşı, ölkəmiz həm də xarici maliyyə mənbələrindən asılılıq və daxili resursların mobilizasiyası baxımından da MDB-də və bütövlükdə regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdəndir”.
 
“Digər tərəfdən, inkişaf etmiş ölkələrdə borclanma payı da son dövrlərdə sürətlə artır. Xarici borc ÜDM-i Böyük Britaniyada 3, Fransada 2.5, Almaniyada 1.5, Kanadada 1.3, İtaliyada isə 1.2 dəfə üstələyir. Xarici borcun tənzimlənməsi Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur”, – deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.
Link kopyalandı!
Son xəbərlər