Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. Bu il Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf edir. 2026-cı ilin istehsalat təqviminə əsasən, 1 və 2 yanvar tarixləri Yeni il bayramı münasibətilə qeyri-iş günü hesab olunur. 3 və 4 yanvar isə şənbə və bazar günlərinə düşür. Beləliklə, Yeni il ərəfəsində 31 dekabrdan 4 yanvaradək ölkədə ardıcıl 5 gün iş olmayacaq.
Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Moderator.az -a açıqlamasında kredit faizlərinin hesablanma qaydası və qeyri-iş günlərində yaranan ödəniş öhdəlikləri ilə bağlı mühüm məqamlara toxunub.
O qeyd edib ki, kredit faizləri illik müəyyən edilsə də, faktiki olaraq günlərə bölünür və hər gün üçün hesablanır:
“Bura şənbə, bazar və bayram günləri də daxildir. Müştəri banka hansı gün ödəniş etməyə gəlirsə, həmin günə qədər toplanmış faizləri ödəyir. Məsələn, müştərinin ödəniş günü dekabrın 31-nə təsadüf edir, lakin həmin gün bank bağlıdır. Müştəri ilk iş günü, yəni yanvarın 5-də banka yaxınlaşdıqda, dekabrın 31-dən yanvarın 5-nə qədər olan günlərin də faizini ödəyir.
Lakin bu, müştəri üçün itki hesab olunmur. Çünki yanvarın 5-də ödəniş edildiyi üçün, yanvar ayının növbəti ödəniş gününə (məsələn, 31 yanvar) daha az gün qalır. Beləliklə, növbəti ay müştəri 31 günün deyil, cəmi 26 günün faizini ödəyir. Ən əsas məqam odur ki, ödəniş vaxtının qeyri-iş gününə düşməsi müştərinin kredit tarixçəsini korlamır. Ödəniş qeyri-iş gününə düşdüyü üçün müştəri növbəti iş günü ödəniş etdikdə bu, gecikmə hesab olunmur. Müştərinin mütləq bayramdan əvvəl (məsələn, dekabrın 30-u) ödəniş etmək öhdəliyi yoxdur.
Bu hal bank tərəfindən gecikmə kimi qeydə alınmır, çünki ödənişin gecikməsi müştəridən asılı olmayan səbəbdən (qeyri-iş günü) baş verib. Müştəri bayram günlərində ödəniş edə bilmədiyi üçün heç bir maliyyə itkisi ilə üzləşmir”.
Mehin Mehmanqızı