ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
İqtisadiyyat
756
17:30, Bu gün

ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq

2026-cı ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın payının yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, portfelin məcmu dəyərinin 35 %-i qədər olması nəzərdə tutulur.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fondun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.

Xatırladaq ki, ARDNF-in 2025-ci il üçün təsdiqlənmiş investisiya siyasətində qızılın payının 25 % olması nəzərdə tutulsa da, ilin 9 ayının yekununda sözügedən göstərici 32,8 % təşkil edib. Fond 1844,8 ton qızıl ehtiyatına malik olub.

Gələn il qızılın payının artırılmasına paralel olaraq borc öhdəlikləri altportfelinin aşağı uzaqlaşma intervalı maksimum 10 % olmaqla, portfelin məcmu dəyərinin 30 %-i qədər olması planlaşdırılır (bu il 40 %-dir).

Səhm (pay) altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 %-ə qədər və daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 %-ə qədər saxlanılıb.

Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 16,9 % çoxdur. Artım əsasən, Fondun aldığı qızılın bahalaşması hesabına baş verib. Hazırda əmtəə birjalarında qiymətli metalın bir unsiyası 4 500 ABŞ dolları ətrafında ticarət edilir.

Link kopyalandı!
Son xəbərlər