Əcnəbilərin manatda depozit qoymağa marağı yüksəlməkdədir – Səbəb nədir?
İqtisadiyyat
2366
13:55, Bu gün

Əcnəbilərin manatda depozit qoymağa marağı yüksəlməkdədir – Səbəb nədir?

2025-ci ilin dekabrında xarici vətəndaşların Azərbaycan banklarındakı depozitləri artımını davam etdirib və son illərin ən yüksək səviyyəsinə çatıb, manata uzunmüddətli yatırımlar isə sürətlə artıb. Məlumatlara görə, əcnəbilərin cəmi depozitlər 1 milyard 442 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 219 mln. manat və ya təxminən 17.90% artım deməkdir.
Əcnəbilər Azərbaycandakı depozitlərinin böyük hissəsini xarici valyutada yerləşdirsə də milli valyutada saxlanılan depozitlər daha sürətli yüksəliş göstərib və 548 mln. manata çatıb. İllik artım 137 mln. manat və ya 33.30% təşkil edib.  Əsas diqqət çəkən məqam isə manatdakı qalan 271.9 mln. manatının uzun müddətli olmasıdır. Xarici valyutada olan depozitlər isə 894 mln. manat səviyyəsində qərarlaşıb və ötən ilin eyni dövrünə nisbətən 82 mln. manat və ya 10.10% artıb. 2023-cü ilin dekabrından bu yana cəmi depozitlərdə 211 mln. manat (+17.10%), 2022-ci ilin dekabrı ilə müqayisədə isə 377 mln. manat (+35.40%) artım qeydə alınıb. Milli valyutada əmanətlər son 3 ildə ümumilikdə 245 mln. manat (+80.90%) artaraq bu seqmentin əsas artım mənbəyinə çevrilib. Xarici valyutada depozitlər isə 132 mln. manat və ya 17.30% yüksəlib.
 
Əcnəbilərin manatda uzunmüddətli əmanətlərə marağı niyə artıb? Xarici vətəndaşlar niyə vəsaitlərini məhz manatda  saxlayırlar? 
 
Moderator.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, əcnəbilərin öz vəsaitləri xarici valyutada deyil, məhz Azərbaycan manatında saxlaması bir neçə amillə izah olunur. Onun sözlərinə görə, Mərkəzi Bankın tətbiq etdiyi sərt pul siyasəti  öz effektini verir:
 
"Bu sərt pul siyasətinin arxasında konkret mexanizmlər dayanır. Ölkədə xarici valyuta ehtiyatlarının həcmi yüksəkdir. Hazırda Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bankın valyuta ehtiyatları bir yerdə təxminən 83–84 milyon dollar təşkil edir. Bu da devalvasiyanı minimuma endirir, likvidlik risklərini azaldır. Eyni zamanda, faiz fərqi əcnəbilərin diqqətini cəlb edən əsas amillərdən biridir. Avro və dollarla verilən faizlər təxminən 1–5% civarındadır, amma manatla uzunmüddətli əmanətlərdə bu göstərici 9–12% arasında dəyişir. Qeyd edək ki, proqnozlaşdırılan inflyasiya ilə faktiki inflyasiya arasında fərq nəzarət edilən səviyyədədir. Buna görə də əcnəbi vətəndaşlar üçün manatla depozit yerləşdirmək daha sərfəlidir".
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər