Kredit kartları və yüksək faizlər: Problemli kreditlərin arxasında hansı səbəblər dayanır?
İqtisadiyyat
303
14:59, Bu gün

Kredit kartları və yüksək faizlər: Problemli kreditlərin arxasında hansı səbəblər dayanır?

Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb.  Mərkəzi Bankın (AMB)  məlumatına görə, bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib.Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb. Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət oktyabrın sonuna 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il noyabrın sonuna isə 1,7 % olub.  
 
Bəs vətəndaşların kredit borcu niyə artır?
 
Moderator.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, son aylarda problemli kreditlərin həcmində artım müşahidə olunur.
Onun sözlərinə görə, problemli kreditlərin artmasının əsas səbəblərindən biri bankların bəzi hallarda vətəndaşlara ödəmə qabiliyyətini yetərincə yoxlamadan kredit verməsidir:
 
“Xüsusilə bu cür kreditlərin müəyyən müddətdən sonra geri qaytarılmasında ciddi çətinliklər yaranır. Vacib məqamlardan biri də istehlak kreditləri üzrə faizlərin yüksək olmasıdır. Son dövrlər kredit faizlərində artım müşahidə edirik. Bu da təbii olaraq kreditlərin geri qaytarılmasını çətinləşdirir. Hazırda istehlak kredit portfelinin həcmi 8 milyard manatdan çoxdur. Bu isə onu göstərir ki, təxminən 3 milyon vətəndaşımızın istehlak krediti mövcuddur. Kredit portfelinin həcminin böyük olması və xüsusilə faizlərin yüksək olması fonunda bəzi hallarda kreditlərin geri qaytarılmasında problemlər yaranır”.
 
Vüqar Bayramov əlavə edib ki, bir müddət əvvəl bəzi banklar tərəfindən kredit kartları üzrə limitlərin vətəndaşların real ödəmə qabiliyyətinə uyğun olmayan şəkildə açılması halları da müşahidə olunub:
 
“Mərkəzi Bankın bu limitlərin tənzimlənməsi ilə bağlı qərarı təqdirəlayiq addımdır. Lakin uzun müddət kredit kartları üzrə limitlərin açılması izafi borclanmaya, nəticə etibarilə isə problemli kreditlərin həcminin artmasına gətirib çıxarıb. Bu baxımdan Mərkəzi Bank tərəfindən problemli kreditlərin tənzimlənməsi, kredit inzibatçılığının gücləndirilməsi və kreditlərin verilməsi qaydalarına yenidən baxılması məqsədəuyğundur”.
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər