“Urmiya gölündə yaşayan bir xırda həşəratın kilosunu ərəblərə 3 min dollara satırdılar...”
İqtisadiyyat
6665
24 Dec 2025 | 21:31

“Urmiya gölündə yaşayan bir xırda həşəratın kilosunu ərəblərə 3 min dollara satırdılar...”

“Urmiya - dünyanın, o cümlədən İranın azərbaycanlılara məxsus ərazisinin təbiətinin möcüzələrindən biri idi. Təəssüf ki, bu göl əsasən insan fəaliyyəti nəticəsində qurumağa başladı...”
 
“Bu gün sürətlə qurumaqda olan Urmiya gölü unikal bir göl idi. Mən özüm İranda işləyərkən - 1990-cı illərin sonundan bu yana dəfələrlə olmuşdum o göldə. Həddindən artıq duzlu idi. Hətta gölün cəmi 30-40 sm dərinliyində olduğu yerlərində də insan suyun üzərində oturanda aşağı batmırdı. Həm də çox maraqlı göl idi Urmiya...”
 
Bunları Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov danışıb.
“Urmiya gölündə kiçik ölçülü həşəratlar yaşayırdı. Onlar suyun üzərində sürətlə gəzirdilər. Sən demə, bunlar zülal-proteinlə zəngin olan nadir bir həşərat imiş. Yadımdadır ki, iranlılar onları xüsusi torlarla Urmiya gölünün üzərindən yığıb ərəblərə 1 kiloqramını 3 min dollara satırdılar. O da maraqlıydı ki, həmin həşəratları göldən çıxarıb kənara qoyanda adama elə gəlirdi ki, onlar ölüb və quruyub. Amma qurumuş, ölmüş hesab edilən bu cücüləri hətta bir il sonra Urmiya gölünə buraxanda onlar dirilib yenə də həmin qaydada sürətlə hərəkət edirdilər. Lakin digər sularda onlar dirilmir və hərəkət etmirdilər. Bir sözlə, Urmiya - dünyanın, o cümlədən İranın azərbaycanlılara məxsus ərazisinin təbiətinin möcüzələrindən biri idi. Təəssüf ki, bu göl əsasən insan fəaliyyəti nəticəsində qurumağa başladı; bunun başlıca səbəbləri gölə tökülən çaylar üzərində tikilən su anbarları, intensiv və səmərəsiz əkinçilik, artezian quyularının artırılması, əkin növlərinin düzgün seçilməməsi oldu. Düzdü, iqlim dəyişikliyi və yağıntıların azalması da rol oynadı. Amma əsas səbəb son onilliklərdəki İran hökumətlərinin bu göllə bağlı məsələlərə düzgün, elmi yanaşmaması oldu. İndi isə Urmiyanın quruması ətraf ərazilər üçün daha bir təhlükə yaradır. Belə ki, onun yerində qalan duz qatlarının tədricən hərəkətlənməsi nəticəsində Qərbi və Şərqi Azərbaycan ostanlarındakı yaşıllıqları, bitki aləmini məhv edə bilər”, - deyə davamında diplomat diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər