Məlum olduğu kimi, Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar Ermənistana yol düşüb və bu addım Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təqdirlə qarşılanıb.
Maraqlıdır, neft məhsullarımızın Ermənistana nəqli milli maraqlarımız baxımından respublikamıza nə vəd edir?
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin bərpası, xüsusilə enerji sahəsində əməkdaşlıq müzakirə edilən mövzulardandır. Sülh gündəliyinə uyğun olaraq Azərbaycan regionda sülhün foralaşmasına, dayanıqlı sülhün əldə edilməsinə töhfəsini bir daha verdi. Ermənistaan neft məhsullarının göndərilməsi Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün mövcudluğunda maraqlı olduğunu bir daha təsdiqlədi.
Ermənistan mavi qaza olan tələbinin 85%-dən çoxunu, neft məhsullarının 60%-dən çoxunu bir ölkədən alır. Buna görə də Azərbaycanın Ermənistana neft ixracatı, bu ölkənin enerji bazarında Azərbaycanın müəyyən seqmentə malik olması bu istiqamətdə respublikamızın mövqeyinin güclənməsinə gətirib çıxara bilər.
Bu cür əməkdaşlıq bir tərəfdən Azərbaycan üçün yeni ixrac imkanlarıdır. Digər tərəfdən isə məlum əməkdaşlıq Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edir”.
Seymur ƏLİYEV