Bizi sosial şəbəkələrdən izləyin:
"2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkisi elan edilərək müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində səsvermə təşkil olundu. Bu, həmçinin Azərbaycan tarixinə zəfər seçkisi kimi daxil oldu. İlham Əliyevin 22 illik Prezidentliyi dövrü Azərbaycan iqtisadiyyatı sürətli artım və inklüziv və balanslı inkişaf dövrü kimi xarakterizə olunur. Son 22 ildə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə iki milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir.
Bu dövr, eyni zamanda, Azərbaycanın xarici siyasətdə çox sayda uğura imza artması ilə yadda qaldı. Türk dünyası və Şərqlə əlaqələrini gücləndirən Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərin inkişaf etdirilməsi daha da prioritetləşib. Çox vektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir", - deyə deputat vurğulayıb.