Bizi sosial şəbəkələrdən izləyin:
“Elektoenergetika haqqında" qanuna edilən dəyişikliklərə görə, elektrik enerjisinin ödənilməsində sabit tarif tətbiq olunacaq. "Qaz təchizatı haqqında" yeni qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Bəs sabit tarif nə vaxtdan tətbiq olunacaq? Yeni tariflər 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, qanun 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minir:
“Lakin sabit tariflərin tətbiqi 2027-ci ilin yanvarın 1-dən nəzərdə tutulur. Bu məsələ Energetika Komitəsində müzakirədən keçib. Qanunun bəzi maddələrində tətbiq tarixləri fərqlidir. Qanun ümumilikdə 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minməsinə baxmayaraq, orada hazırlıq mərhələsi nəzərdə tutulub. Qanun kifayət qədər genişdir və tənzimləyici mexanizmlərlə bağlı maddələr var. Məhz buna görə də bir sıra maddələrin tətbiq müddəti 2026-cı il deyil, 2027-ci il və digər tarixlər üzrə müəyyənləşdirilib. Məqsəd prosesə mərhələli şəkildə hazırlaşmaq və mexanizmlər tam formalaşdırıldıqdan sonra tətbiqin daha uğurlu olmasını təmin etməkdir. Eyni zamanda, əsas hədəflərdən biri də istifadəsiz evlərin istifadəyə cəlb edilməsi və onlarla bağlı elektrik xərclərinin tənzimlənməsidir”.
Mehin Mehmanqızı