Bizi sosial şəbəkələrdən izləyin:
“O körpü “33 gözlü körpü” adlanırdı. Zayəndə çayı son illərə qədər Kür çayı kimi bolsulu olduğundan onun sahili və üzəri sərinlik olardı. Həmin körpünün üzəri tağlarla örtülü idi və insanların dincəlməsi üçün odalar da qurulmuşdu...”
“İsfahan şəhərinin içərisindən keçən Zayəndə(yaxud Zayəndərud) çayının üzərində hələ XVII əsrdə- II Şah Abbasın dövründə məşhur memar Şeyx Bəhayinin müəllifi olduğu memarlıq baxımından çox gözəl və qeyri-adi bir körpü salınıb. O körpü “33 gözlü körpü” adlanırdı. Zayəndə çayı son illərə qədər Kür çayı kimi bolsulu olduğundan onun sahili və üzəri sərinlik olardı. Həmin körpünün üzəri tağlarla örtülü idi və insanların dincəlməsi üçün odalar da qurulmuşdu. Buna görə də yay aylarında İsfahan sakinləri, eləcə də qonaqlar o körpü üzərində oturub dincələr, çay içər, yeyib-içərdilər. Bir sözlə, adamlar havanın qızmar çağlarında həm o körpü üzərində, həm də Zayəndə çayının sahillərində rahatlıq tapardılar. Mən özüm də bunun şahidi olmuşam”.
Bunu Moderator.az-a açıqlamasında son vaxtlar İranda su hövzələrinin quruması və su qıtlığı yaranmasından danışan Azərbaycanın həmin ölkədəki keçmiş səfiri Abbasəli Həsənov söyləyib.
“Təəssüf ki, sonradan İran hökumətindəki hansısa qeyri-peşəkar məmurların qərarıyla bu çayın qarşısını kəsib Yəzd ostanına yönəltdilər. Nəticədə Zayəndə çayı tamamilə qurudu. Bunun da nəticəsində həm su qıtlığı yarandı, həm də artıq qədim İsfahan şəhərinin xeyli ərazisi aşağı çökmək üzrədir”, -deyə davamında həmsöhbətimiz bildirib.
Sultan Laçın