Yeni ilə sayılı günlər qaldıqca istirahət planları da gündəmin əsas mövzularından birinə çevrilir. Hər il olduğu kimi bu il də insanlar bayram günlərini ailəvi, rahat və yaddaqalan keçirmək üçün həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif məkanlara üz tutmağı planlaşdırırlar. Turizm sektorunda isə artıq canlanma hiss olunur — hotellər bayram paketlərini elan edir, turizm şirkətləri Yeni il üçün xüsusi təkliflər irəli sürür.
Bəs qarşıdan gələn Yeni il tətilində qiymətlər necə olacaq? İstirahət üçün ölkə daxilində qalmaq daha sərfəlidir, yoxsa xaricə üz tutmaq?
Moderator.az-a danışan turizm ekspert Rəhman Quliyev deyib ki, artıq bir neçə həftədir turizm sektorunda ciddi canlanma var. Onun sözlərinə görə, dekabrın son günləri və yanvarın ilk həftəsi üçün hotellərdə doluluq səviyyəsi artır:
“Ənənəvi olaraq Yeni il dövrü yüksək mövsüm hesab olunur və bu da qiymətlərə təsirsiz ötüşmür. Ümumilikdə qiymətlərdə artım müşahidə olunur. Bunun əsas səbəbləri xərclərin artması, tələbatın yüksək olması və bayram proqramlarının təşkilidir. Xüsusilə regionlardakı məşhur hotellərdə Yeni il paketləri adi günlərlə müqayisədə daha bahadır. Buna baxmayaraq, fərqli büdcələr üçün alternativlər də mövcuddur. Bu, əsasən insanların büdcəsindən və gözləntilərindən asılıdır. Ölkə daxilində istirahət edənlər nəqliyyat xərclərinə qənaət edə bilirlər və bu, ümumi büdcəni nisbətən aşağı salır. Xaricə səyahət isə adətən daha baha başa gəlir, çünki aviabilet, viza və valyuta xərcləri əlavə olunur. Lakin erkən rezervasiya və paket turlarla xaricdə də sərfəli seçimlər tapmaq mümkündür. Ölkə daxilində Şamaxı, Qəbələ, Quba və Naftalan istiqamətləri ən çox seçilən yerlər sırasındadır. Xaricdə isə ənənəvi olaraq İstanbul, Dubay və Avropa şəhərlərinə maraq yüksəkdir. İnsanlar həm bayram ab-havası, həm də fərqli təcrübə axtarışındadırlar”.

Turizm ekspert Cəfər Qarayev bildirib ki, artıq qış mövsümünə qədəm qoymuşuq və qış turizm mövsümü başlayır. Onun sözlərinə görə, Azərbaycandakı xizək mərkəzləri artıq hazırlıq prosesinə start verib:
“Dekabrın 25-dən etibarən qış turizm fəaliyyəti başlayacaq, qış idman növləri üzrə xidmətlər aktiv olacaq. Hazırda Azərbaycanda üç əsas qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qusar rayonundakı Şahdağ Qış Turizm Kompleksi, Qəbələ rayonundakı Tufandağ Qış–Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasındakı Ağbulaq turizm kompleksidir.
Qış mövsümünün başlaması ilə yanaşı, Yeni ilin gəlişi, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar turizmə olan tələbat artıb. Bu dövrdə həm ölkə daxilində istirahət etmək istəyən yerli vətəndaşların, həm də xaricə səfər edənlərin sayı artır. Eyni zamanda, yeni ili Azərbaycanda qarşılamaq istəyən xarici turistlərin də ölkəmizə axını müşahidə olunur. Yəni hər iki istiqamətdə turizm dinamikasında artım var. Tələbatın artması bazarda qiymətlərin formalaşmasına birbaşa təsir edir. Bakı şəhərində hotellərin qiymətlərində ciddi artım müşahidə olunmur. Dekabrın 10-da olan qiymətlərlə dekabrın 31-i və yanvarın əvvəllərindəki qiymətlər arasında ciddi fərq yoxdur, yalnız cüzi artım var.Lakin bölgələrə gəldikdə vəziyyət fərqlidir. Regionlarda hotellərin və mehmanxana tipli obyektlərin sayı, eləcə də yataq yerləri məhduddur. Tələbatın yüksək olması səbəbindən qiymətlər bəzi hallarda iki, hətta üç-dörd, bəzən isə beş dəfə artıb. Bu da sahibkarların mövcud fürsətdən maksimum gəlir əldə etmək istəyi ilə bağlıdır. Çünki otaqların saxlanma xərcləri il boyu demək olar ki, eynidir. Bayram və tətil dövrlərində isə qiymətlər artırılır və əlavə olaraq müxtəlif şou proqramlar təşkil olunur ki, turistlərin istirahəti daha cəlbedici və dolğun olsun”.
Ekspert qeyd edib ki,qış mövsümündə ən çox tələbat dağ və dağətəyi rayonlara yönəlir:
“Qarın yağdığı, xizək və digər qış idman növlərinin mümkün olduğu ərazilər xüsusi maraq doğurur. Bu baxımdan Qusar və Qəbələ rayonlarındakı qış turizm mərkəzləri ilk növbədə dolur və ən prioritet istiqamətlər hesab olunur. Daha sonra isə bu mərkəzlərə yaxın olan ətraf rayonlarda yerləşən otellərə tələbat artır.
Hazırda şimal və şimal-qərb zonasında yerləşən hotellərin əksəriyyətində yerlər ya tam dolub, ya da çox məhdud sayda otaq qalıb. Eyni vəziyyət qərb və cənub zonalarında da müşahidə olunur. Son illərdə isə ölkə daxilində ən populyar turizm istiqamətlərindən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələridir. Bu ərazilərə də ciddi maraq var və oradakı hotellər bayram və tətil günlərinə xüsusi hazırlıq görür, müxtəlif əyləncə və istirahət proqramları tərtib edirlər.Ümumilikdə demək olar ki, Yeni il və qış mövsümü dövründə ölkənin demək olar bütün bölgələrində turist axını gözlənilir. Paytaxt Bakı da bu baxımdan istisna deyil. Bakıya həm xarici turistlərin gəlişi planlaşdırılır, həm də hotellərdə rezervasiyalar artıq başlayıb. Şəhərdə təşkil olunan Yeni il şənlikləri, atəşfəşanlıq proqramları, eləcə də müxtəlif ərazilərdə qurulan yarmarkalar paytaxtın bayram ab-havasını daha da gücləndirir. Şəhərin bəzədilməsi və keçirilən tədbirlər xarici turistlərin Azərbaycana marağını artırır. Turistlər bu görüntüləri sosial şəbəkələrdə paylaşır, dostları ilə bölüşür və bu da növbəti illərdə ölkəmizin turizm potensialına müsbət təsir göstərəcək”.
O vurğulayıb ki, aparılan kiçik araşdırma nəticəsində qiymətlərin artıq formalaşdığı və birbaşa tələbatın səviyyəsinə uyğun dəyişdiyi müşahidə olunur:
“Bölgələrdə yerləşən beşulduzlu mehmanxanalarda 31 dekabr – 1 yanvar gecəsi üçün qiymətlər bir gecəlik, iki nəfərlik otaq üzrə səhər yeməyi və qala-dinner (bayram axşam yeməyi) daxil olmaqla 700 manatdan 1600 manatadək dəyişir. Dördulduzlu hotellərdə isə qiymətlər daha aşağı və nisbətən əlçatandır. Qiymətlərin formalaşmasında əsas amil tələbatdır. Tətil günlərinin müddətinə görə də qiymətlər fərqlənir. Məsələn, 30 dekabr gecəsi üçün tətbiq olunan tariflər daha münasib olduğu halda, ən yüksək qiymət 31 dekabr - 1 yanvar tarixlərindədir. Sonrakı günlərdə isə qiymətlər nisbətən aşağı olur.
Xarici istiqamətlər üzrə isə üç, dörd və beş gecəlik tur paketlər mövcuddur. Birbaşa aviareyslərin həyata keçirildiyi ölkələr daha prioritet hesab olunur. Turistlərin seçimləri isə əsasən zövqlərinə görə dəyişir: bəziləri qarlı, xizək imkanları olan ölkələri və bölgələri üstün tutur, digərləri isə qış mövsümündə daha mülayim iqlimi olan isti ölkələrə səyahət etməyə üstünlük verir. Demək olar ki, bütün istiqamətlər üzrə tur paketləri mövcuddur və bu paketləri turizm şirkətlərindən əldə etmək mümkündür. Xarici tur paketlərinin qiymətləri də ümumilikdə əlçatandır və ciddi bahalaşma müşahidə olunmur. Eyni zamanda, xaricdən Azərbaycana gəlmək istəyən turistlər üçün də tur paketlərinin qiymətləri münasibdir. Bu, əsasən Bakıda hotellərin qiymətlərinin ciddi artmaması ilə bağlıdır. Lakin qiymətlərə təsir edən əsas məqamlardan biri aviaşirkətlərin təyyarə biletlərinin bahalaşmasıdır. Tələb artdığı üçün hava yolları tarifləri müəyyən qədər yüksəldib.
Bazarda ən çox satılan tur paketləri sırasında Qətər (Doha), Birləşmiş Ərəb Əmirlikləri, Misir, eləcə də Gürcüstan və Rusiya yer alır. Bundan başqa, Yeni il şənliklərinin daha aktiv keçirildiyi bəzi Avropa ölkələrinə də maraq yüksəkdir və bu istiqamətlər üzrə tələbat digərləri ilə müqayisədə daha çoxdur”.
Mehin Mehmanqızı