Azərbaycanda regionun ən iri batareya enerji saxlanc sistemlərinin qurulmasına başlanılıb - FOTO/VİDEO
İqtisadiyyat
812
12:56, Bu gün

Azərbaycanda regionun ən iri batareya enerji saxlanc sistemlərinin qurulmasına başlanılıb - FOTO/VİDEO

Azərbaycanda bərpaolunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün "AzərEnerji" tərəfindən genişmiqyaslı batareya enerji saxlanc sistemlərinin (BESS) gətirilərək qurulmasına başlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "AzərEnerji" məlumat yayıb.
 
Bildirilib ki, bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük BESS olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq "Abşeron", eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində qurulur.
 
Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Çinin "Great Power" zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib. Hər birinin çəkisi 36 ton olan BESS polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15%-i ölkəyə gətirilib və qalan 85%-i isə gələn ilin aprel ayına qədər gətirilərək quraşdırılacaq.
 
Qeyd edək ki, "AzərEnerji" tərəfindən BESS yaradılması enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, BOEM-də dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimində etibarlı fəaliyyətini təmin edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər