Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Azərbaycanda ailələrin böyük hissəsi ipoteka, istehlak krediti kimi maliyyə öhdəlikləri ilə yaşayır. Lakin boşanma prosesi zamanı həmin kreditlərin kim tərəfindən ödəniləcəyi ilə bağlı suallar yaranır.
Bəs qanuna görə boşanmadan sonra ipoteka kreditini kim ödəməlidir?
Moderator.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, boşanma zamanı borcun bölünməsi əsasən nikah dövründə götürülmüş kreditin ödənişinin kim tərəfindən və necə həyata keçirilməsinə bağlıdır:
“Əgər ipoteka krediti nikah dövründə götürülüb və ödənişlər birgə əmlak hesabına edilibsə, bu halda kredit borcu da birgə öhdəlik hesab olunur. Bəzən kreditin bir hissəsini tərəflərin valideynləri ödəyə bilər. Bu halda ödənilən məbləğ valideynin sərəncamında olur və birgə əmlaka aid deyil. Yəni, ödənişi edən tərəf məsuliyyət daşıyır, digər tərəfin isə buna aidiyyəti yoxdur.
Məsələn, ailə 100.000 manatlıq ipoteka krediti götürüb və nikah dövründə 50.000 manat ödənilib. Əgər bu ödəniş birgə əmlak hesabına edilibsə, hər bir tərəfin məsuliyyəti həmin məbləğin yarısı qədərdir (25.000 manat). Kredit ərin adına olsa da, əmlak birgə alınıbsa, boşanma zamanı bu pay yarı-yarı bölünür.
Əgər tərəflər razılığa gəlibsə, qalan borcun ödənilməsi də qarşılıqlı razılıqla bölünə bilər. Razılıq yoxdursa, artıq ödənilmiş məbləğə əsasən evin payı mütənasib şəkildə bölünür və hər bir tərəf yalnız öz payı qədər borca görə məsuliyyət daşıyır. Yəni, boşanmadan sonra hər bir tərəf yalnız öz payına düşən borc hissəsinə görə məsuliyyət daşıyır. Tərəflərdən biri öz payından artıq ödəniş edibsə, bu məbləğ qarşı tərəfdən geri tələb oluna bilər".
Mehin Mehmanqızı