Azərbaycanda iqtisadiyyatda dedollarlaşma meylləri artıb.Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meylləri artıb: “Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28,5%-ə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir”.
Bəs dedollarlaşmanın əsas səbəbləri nədir?
Moderator.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, 2014-cü illə müqayisədə hazırkı dövrdə vətəndaşların banklarda saxladıqları depozitlərin böyük hissəsi manatla yerləşdirilir:
“Yəni manatın depozit portfeli artıb. Bunun əsas səbəbi isə 2015-ci ildə baş verən ardıcıl iki devalvasiyadan sonra bankların dollar və digər xarici valyutalarda olan əmanətlər üzrə faizləri kəskin şəkildə azaltmasıdır. Digər tərəfdən, artıq təxminən 10 ildir ki, manatın məzənnəsi 1,70 səviyyəsində sabit qalır. Bu da vətəndaşları daha yüksək faiz gəliri əldə etmək məqsədilə əmanətlərini manatla yerləşdirməyə stimullaşdırır. Bu proses formal olaraq dedollarlaşma kimi qiymətləndirilə bilər. Bəli, bank sektoruna baxdıqda dedollarlaşma meylləri müşahidə olunur. Çünki yüksək faiz gəliri əldə edən vətəndaşlar öz vəsaitlərini manatla depozit şəklində yerləşdirirlər və bu da cəmiyyətdə dedollarlaşma prosesi gedir fikrini formalaşdırır”.
Bununla belə, iqtisadçı Mərkəzi Bank sədrinin son açıqlamalarına da diqqət çəkib:
“Hörmətli AMB sədri Taleh Kazımovun "ölkə əhalisi təxminən 10 milyard dolları “yastıq altında” saxlayır" fikirləri müəyyən müzakirələrə səbəb olub. Burada nəzərə almaq lazımdır ki, evlərdə saxlanılan bu vəsaitlər, demək olar ki, manatla deyil. Vətəndaşlar bank sistemindən kənarda saxladıqları ehtiyatları əsasən dollar formasında qoruyurlar. Real mənzərəyə baxdıqda bank sektorunda dedollarlaşma görünür, lakin ümumi iqtisadi davranış kontekstində bu prosesin hələ də tam başa çatmadığını demək olar”.
Ekspert əlavə edib ki, iqtisadi dövriyyəyə cəlb olunmayan və evlərdə saxlanılan “yastıq altı” vəsaitlər əsasən dollar formasındadır:
“Bunun əsas göstəricilərindən biri manatın hazırkı dayanıqlığıdır. Hazırda manatın sabitliyi ilə bağlı ciddi problem yoxdur və yaxın perspektivdə də hər hansı qeyri-adi fors-major halı baş verəcəyi gözlənilmir. İqtisadi dayanıqlığın qorunması üçün uzunmüddətli və davamlı planlaşdırma əsas şərtdir. İqtisadiyyatda sabitliyi qorumaq üçün təkcə bugünkü vəziyyət deyil, perspektiv planlar da dayanıqlı olmalıdır. Bu baxımdan dedollarlaşma məsələsinin iki tərəfi var: rəsmi statistikada görünən mənzərə Mərkəzi Bank sədrinin səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Qeyri-rəsmi müstəvidə isə nəzərə almalıyıq ki, cəmiyyətdə hələ də müəyyən qorxu və ehtiyat davranışı mövcuddur. Bu səbəbdən, alternativ və daha dayanıqlı valyuta kimi dollar hər zaman qoruyucu vasitə hesab olunur”.
Mehin Mehmanqızı