Qlobal iqtisadiyyatda qeyri-müəyyənlik, geosiyasi gərginliklər, aparıcı mərkəzi bankların faiz siyasəti və ABŞ dollarının dəyərindəki dəyişikliklər investorları təhlükəsiz liman axtarışına yönəldib. Məhz bu səbəbdən həm iri investorlar, həm də dünya banklarının böyük bir qismi qızıl alımlarını artırıb. Beynəlxalq Maliyyə Fondu və Dünya Bankının hesabatlarına görə, bir çox ölkələrin mərkəzi bankları valyuta ehtiyatlarını məhz qızıl ilə gücləndirməyə çalışır. Qızılın ucuzlaşacağına dair gözləntilərin azalması, əksinə uzunmüddətli bahalaşma ehtimalının güclənməsi bu tendensiyanı daha da sürətləndirib.
Bəs hazırda ölkədə qızıl bazarında vəziyyət necədir? Əhali daha çox hansı növ qızıllara üstünlük verir?
Moderator.az-a danışan zərgər Ravil Rzayev bildirib ki, Azərbaycanın qızıl bazarı tam şəkildə dünya birjasındakı qiymətlərdən asılıdır:
“Hazırda dünya birjasında qızılın qiyməti kəskin şəkildə yüksəlir. Arada lokal enişlər olsa da, ümumi yüksəliş tendensiyası davam edir. İl ərzində qızılda ümumi artım 58 faiz təşkil edibsə, bu müddətdə 5–10 faizlik enişlər də qeydə alınıb. Bu, qızıl bazarı üçün adi haldır və birjalarda qızılın özünəməxsus xüsusiyyətidir.
Son aylarda baş verən geosiyasi gərginliklər iqtisadiyyatda qeyri-müəyyənlik yaradıb. Bu vəziyyət böyük investorları və aparıcı dünya banklarını vəsaitlərini təhlükəsiz limana – qızıla yönəltməyə vadar edir. Qızıl uzun illərdir etibarlı və likvid yatırım aləti kimi özünü doğruldub. Buna görə də iri investorlar yatırımlarının daha böyük hissəsini qızıla yönəldir və bu da tələbatı artırır.
Azərbaycan da istisna deyil. Ölkə müəyyən hissə qızıl ehtiyatlarını xaricdən idxal edir. Həmçinin daxili bazarda satılan zinət əşyalarının böyük qismi də xaricdən gətirilir. Buna görə də dünya bazarında qiymətlərin qalxması avtomatik olaraq Azərbaycan bazarına təsir göstərir”.
Zərgər qeyd edib ki, hazırda bazarda bahalaşma həm alıcılar, həm də sahibkarlar üçün çətinlik yaradır:
“Alıcı keçən il 150 manata aldığı məhsulu bu il 200 manata görəndə təbii olaraq tərəddüd edir, alıcılıq qabiliyyəti aşağı düşür. Almaq fikrində olan insanlar əvvəl 10 qram alırdısa, indi 7 qram almağa üstünlük verir. Eyni hal sahibkarlar üçün də keçərlidir. Məsələn, əvvəllər 100 min manatlıq mal ehtiyatı saxlayan bir zərgər indi eyni səviyyəni qorumaq üçün 150–170 min manat sərmayə qoymalıdır. Çünki qızılın alış qiyməti də bahalaşıb və vitrinin dolu qalması əlavə xərc tələb edir.
Daxili bazarda insanların psixologiyası da önəmli rol oynayır. Qiymət bahalaşanda “gözləyim, bəlkə düşər”, düşəndə isə “bir az da enər” düşüncəsi yaranır. Bu davranış bazarda qeyri-sabit alıcılıq yaradır”.
Qızıl bazarında yatırım anlayışı cəmiyyətin çoxuna aid deyil:
“Qızıla yatırım edənlərin hamısı investor deyil. Cəmiyyətin böyük qismi qızılı ənənəvi olaraq toy, nişan və müxtəlif mərasimlər üçün alır. Yəni bazarda həm yatırım məqsədli, həm də ənənəvi alışlar var.
Qızıla yatırım edən insanlar adi alıcılarla fərqlidir. Yatırım etmək üçün şəxsin müəyyən kapitalı, iqtisadi bilikləri və bazarı izləmə bacarığı olmalıdır. Kriptovalyutalar, daşınmaz əmlak və digər investisiya vasitələri kimi qızıl da yalnız ağıllı, sərvəti olan və bazarı izləyən insanlar üçün uyğun investisiyadır. Bizə bu barədə zəng edənlər, məsləhət istəyənlər də əsasən bu kateqoriyadan olurlar. Amma cəmiyyətin çox hissəsi üçün qızıl sadəcə toy, nişan və mərasimlərdə istifadə edilən zinət əşyasıdır.
Yatırım məqsədilə daha çox qızıl külçələr və ağır çəkili zinət əşyaları alınır. Məsələn, biz bazara təqdim etdiyimiz qaşsız və ağır çəkili zinət əşyalarını həm istifadə, həm də yatırım məqsədli satırıq. Kiçik ölçülü sırğalar, üzük və s. yatırım hesab olunmur, çünki onların dəyəri çox azdır və gələcəkdə əhəmiyyətli qazanc gətirmir. Hazırda qızıl bazarında investorların sayı artmaqdadır. Qiymət yüksəldikcə insanlar yatırımı daha ciddiyə alır, bəzən kriptovalyutalardan və ya biznes gəlirlərindən vəsaitlərini çıxarıb qızıla yatırırlar. Çünki qızıl qiymətli metallar arasında likvidliyi ən yüksək olanıdır – istənilən vaxt asanlıqla pula çevirmək mümkündür. Hətta aktiv gəliri olmasa belə, iki-üç ay sonra qızılın qiymətindəki fərq onu investisiya baxımından gəlirli edir. Məsələn, son aylarda qızıl alan müştərilərimiz 70–100 manatlıq gəlir əldə edə biliblər. Qızıl bazarı bir neçə yerə bölünür:
Toy və nişan qızılları – Ənənəvi olaraq 585 və ya 750 əyar qızıllar istifadə olunur. Brilyant və sadə qaşlarla bəzədilmiş məhsullar gündəlik istifadə və xüsusi günlər üçün nəzərdə tutulur.
Yerli istehsal qızılları – Azərbaycan istehsalı olan 585 əyar qızıllar “yerli mal” adlanır. Bu qızıllar daha ucuz, daha az çəkili və xırdavat kateqoriyasına aid olur, buna görə də əhalinin böyük hissəsi məhz onlara üstünlük verir.
Xarici məhsullar – Dubay, Türkiyə və İtaliya istehsalı qızıllar 750 əyar və ya brilyant qaşlı variantlarda olur. Bu qızıllar daha iri çəkili, estetik cəhətdən zəngin və qiymətcə daha yüksəkdir. Çünki xaricdən idxal olunur”.
O vurğulayıb ki, maddi imkanı olanlar 750 əyar brilyant qaşlı məhsullar alır, olmayanlar 585 əyar, brilyantsız və ya sadə qaşlı məhsullara üstünlük verir:
Xarici, xüsusən ərəb qızılının da bazarda öz alıcıları var, amma onların payı 15–20 faizdir. Ərəb qızılı adətən 21–22 əyar olur və qiyməti yüksəkdir. Tərkibə görə qiymətlər də dəyişir – saf qızılın qiyməti bazarda yüksəldikdə bütün qızılların qiyməti də artır. Yatırım məqsədilə qaşsız və sadə zinət əşyaları almaq məsləhətdir. Çünki üç-beş ildən sonra zinət əşyası dəbdən düşə bilər və qiymətli daşlar çıxarıldıqda satış zamanı itki yaranır. Əgər brilyant qaşlı məhsul alınırsa, brilyantın keyfiyyəti yüksək olmalıdır ki, gələcəkdə satanda da dəyəri qorunsun. Yaxşı brilyant hər zaman yüksək qiymətə satılır, amma keyfiyyətsiz və ya sadə qaşlar satış zamanı zərər verə bilər”.
Mehin Mehmanqızı