Azərbaycan Biznesinin İnkişafı Fondu ASC-yə çevrilir
İqtisadiyyat
867
10 Dec 2025 | 18:04

Azərbaycan Biznesinin İnkişafı Fondu ASC-yə çevrilir

Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Moderator.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Həmçinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilir.

Müəyyən edilir ki:

- "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC "Azərbaycan Biznesinin İnkişafı Fondu" PHŞ-nin hüquqi varisidir və onun hüquq və öhdəlikləri, habelə əmlakı ASC-yə keçir;

- ASC iqtisadiyyatın qeyri-neft-qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən, investisiyaların təşviqi və sahibkarlığa dəstək mexanizmlərinin inkişafını təmin edən və vəsaitini müəyyən olunmuş qaydada yerləşdirməklə dövlətin iqtisadi inkişaf prioritetlərinə xidmət edən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;

- ASC-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

- ASC-nin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən - Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

ASC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

- ASC-nin yenidən təşkili və ləğvi;

- ASC-nin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- ASC-nin icra orqanının yaradılması;

- ASC-nin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Nazirliyə:

- ASC-nin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri ASC-nin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

Müşahidə Şurasına:

- Prezident və nazirliyin səlahiyyətlərinə aid bəndlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

ASC "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlik ASC-nin dövlət qeydiyyatına alınması üçün 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

ASC "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı tədbirlər görməlidir.

ASC eləcə də iqtisadiyyatın tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası"nın 1.3.1-ci yarımbəndində göstərilən güzəştli şərtlərlə digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənsin və nəticəsindən asılı olaraq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Həmçinin "Dövlət əmlakının qorunub-saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333) aşağıdakı məzmunda 8-3-cü hissə əlavə edilir:

"8-3. Bu fərmanın müddəaları "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin öz əmlakına və onun tərəfindən hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi vasitəsilə investisiya qoyuluşu etdiyi təsərrüfat cəmiyyətlərinə və digər hüquqi şəxslərə münasibətdə tətbiq edilmir".

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2603 (Cild I); 2024, № 12 (II kitab), maddə 1364) 2.1-ci bəndində "10" rəqəmləri "vergilər ödənildikdən sonra 5" sözləri ilə, "90" rəqəmləri "95" rəqəmləri ilə əvəz edilir.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1461 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1105 (Cild I); 2024, № 12 (II kitab), maddə 1364) 3-cü və 4-cü hissələri ləğv edilir.

"Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1364) aşağıdakı dəyişikliklər edilir:

- 1-ci hissə ləğv edilsin;

- həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası"nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- 1.2-ci bənddə "qeyri-neft" sözləri "qeyri-neft-qaz" sözləri ilə əvəz edilir;

- 1.3.3-cü yarımbənddə "8.1.5-ci" sözləri "8.1.5 − 8.1.7-ci" sözləri ilə əvəz edilir;

1.4-cü bənd üzrə:

- birinci abzasda "Aşağıdakıları əhatə etməklə, bu" sözləri "Bu" sözü ilə və həmin abzasın sonunda iki nöqtə işarəsi nöqtə işarəsi ilə əvəz olunur, həmin abzasa "tələbləri" sözündən əvvəl "və Fondun Nizamnaməsinin" sözləri əlavə edilir;

- 1.4.1-1.4.3-cü yarımbəndlər ləğv edilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər