Mərkəzi Bankın son qərarı kredit faizlərinə necə təsir edəcək?
İqtisadiyyat
308
15:35, Bu gün

Mərkəzi Bankın son qərarı kredit faizlərinə necə təsir edəcək?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.  Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.
 
Mərkəzi Bankın son qərarı kredit faizlərinə necə təsir edəcək? 
 
Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, Mərkəzi Bankın faiz dəhlizini 0.25 bənd azaltmasının arxasında dayanan əsas amillər valyuta bazarındakı sabitlik və makroiqtisadi göstəricilərdəki müsbət meyillərdir:
 
“Bütün göstəricilər onu göstərir ki, bu gün manata etibar çoxdur. Təxminən 400 milyon dollara qədər vəsaiti vətəndaşlar banklara satıblar və bu il 11 ay ərzində nəğd dollar satışları alışları əhəmiyyətli dərəcədə üstələyib.
İkinci mühüm məqam Mərkəzi Bankın valyuta ehtiyatlarında artımdır. Eyni zamanda bank sektorunun depozit portfelində dolların payı təqribən 2 faizdən bir qədər çox azalıb. Bütün bu meyillər valyuta bazarında sabitliyin davam etdiyini göstərir.
Digər önəmli faktor cari əməliyyatlar balansıdır. Bu balans gözləntilərə uyğun olaraq profisitli formalaşır. Adətən 9–11 aylıq göstəricilər açıqlanır və məlumdur ki, 9 ayın nəticələrinə görə ixracımız idxalı təxminən 3 milyard dollar üstələyib. Bu da qərarın verilməsində müsbət rol oynayan əsas amillərdəndir.
Növbəti məsələ inflyasiya ilə bağlı gözləntilərdir. İnflyasiya Mərkəzi Bankın hədəf çərçivəsində – 6 faizdən aşağı səviyyədədir. Gözləntilərə görə, inflyasiya gələn il daha da azalacaq: bu il 5.19% olub, gələn il isə təqribən 5.3% səviyyəsində proqnozlaşdırılır.
Eyni zamanda beynəlxalq trendlər də nəzərə alınır. Dollarda faiz dərəcələrinin azalması Mərkəzi Banka manat faizlərini də müəyyən həcmdə endirməyə imkan verir. Çünki manat dollarla bağlı sabitlik çərçivəsində idarə olunur və iki valyutanın faizləri arasında müəyyən həddin qorunması vacibdir. Dolların faizi aşağı düşdükdə, Mərkəzi Bankın da öz faiz dəhlizini azaltması mümkündür. Bu amillər birlikdə Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasına şərait yaradıb”.
 
İqtisadçı vurğulayıb ki, dünyanın bir çox ölkələrində Mərkəzi Bankın faiz qərarları kommersiya banklarının kredit faizlərinə birbaşa təsir edir:
 
 “Lakin Azərbaycanda bu əlaqə çox zəifdir. Bizdə kommersiya banklarında kredit faizlərinin azalması əsasən depozit faizlərinin enməsi ilə bağlı olur. Çünki bankların resurslarının böyük hissəsi depozitlərdən formalaşır. Depozit faizləri isə yalnız o zaman aşağı düşür ki, banklarda pula olan tələbat azalır. Yəni bankların kifayət qədər likvid vəsaiti olanda, əhaliyə yüksək faizlə depozit təklif etməyə ehtiyac qalmır. Depozit faizləri aşağı düşdükdə isə kredit faizlərinə də tədricən təsir edir. Hazırkı şəraitdə uçot stavkasının 0.25 bənd azalması kommersiya banklarının kredit faizlərinə ciddi təsir göstərməyəcək. Çünki digər faktorlar daha həlledicidir. Mərkəzi Bank hələ də sərt pul-kredit siyasəti həyata keçirir. Buna görə də uçot dərəcəsinin azaldılması dünyada olduğu kimi Azərbaycanda faizləri aşağı salan təsir göstərməyəcəkdir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər