İqtisadiyyat
264
12:30, Bu gün

"İşləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur" - Deputat

"Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə, Məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir:
 
"Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrin bağlanmasıdır. Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur. Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir".
 
Deputat qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir: "Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-i müqavilə olmadan işləyir".
Link kopyalandı!
Son xəbərlər